Şimali Kiprdə keçirilən seçkilərdə “Ergenekon”la əlaqədə ittiham edilən “denktaşçı”lar qalib gəlib

Şimali Kiprdə keçirilən seçkilərdə “Ergenekon”la əlaqədə ittiham edilən “denktaşçı”lar qalib gəlib
# 20 aprel 2009 08:02 (UTC +04:00)
Lefkoşa – APA. Quzey Kıbrıs (Şimali Kipr) Türk Cümhuriyyətində keçirilən növbədənkənar parlament seçkilərində müxalifətdəki Ulusal (Milli) Birlik Partiyası (UBP) qalib gəlib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, sabiq baş nazir Dərviş Əroğlunun başçılıq etdiyi UBP 44,01% səs toplayaraq zəfər qazanıb. Mövcud baş nazir Fərdi Sabit Soyerin liderlik etdiyi, prezident Mehmet Əli Tələtin keçmiş partiyası olan Çümhuriyyətçi Türk Partiyası (ÇTP) 29,17%, sabiq prezident Rauf Denktaşın oğlu Sərdar Denktaşın başçılıq etdiyi Demokrat Partiyası (DP) 10,73%, Toplumçu (Plüralist) Demokratiya Partiyası (TDP) 6,83%, Özgürlük (Azadlıq) və İslahat Partiyası (ÖRP) isə 6,31% səs alıblar. Parlamentdə yer almaq üçün tələb olunan 5 faizlik minimum baryeri 5 partiya keçib. Bu nəticələrə əsasən UBP 50 yerlik parlamentdə 26 millət vəkili ilə təmsil olunaraq təkbaşına hökumət formalaşdırmaq hüququ əldə edib. Ancaq UBP-nin bir millət vəkili parlamentin sədri olaraq bitərəf statusda fəaliyyət göstərəcəyi üçün parlamentdəki başqa bir partiyanın dəstəyinə ehtiyac var. Böyük ehtimalla bu dəstəyi DP verəcək.
Qeyd edək ki, UBP keçmiş prezident Rauf Denktaşın siyasi xəttinə uyğun olaraq Şimali Kiprin müstəqilliyinin tərəfdarıdır və Kipr yunanları ilə yalnız konfederativ əsasda münasibətlər qurulmasına razıdır. ÇTP hökuməti isə yunanlarla federativ əsasda bir dövlətdə birləşmək ideyasını müdafiə edir və prezident M. Ə. Tələt də bu fikirdədir. Seçki kampaniyası dövründə ÇTP UBP lideri Dərviş Əroğlunu Türkiyədə terror təşkilatı olduğu iddia edilən “Ergenekon”la əlaqədə ittiham etmişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR