Belqradda “Təbii və texnogen fəlakətlərin qarşısının alınması ilə bağlı regional fəaliyyətin əlaqələndirilməsi” mövzusunda Nazirlər Konfransı keçirilib

Belqradda “Təbii və texnogen fəlakətlərin qarşısının alınması ilə bağlı regional fəaliyyətin əlaqələndirilməsi” mövzusunda Nazirlər Konfransı keçirilib
# 19 noyabr 2011 00:14 (UTC +04:00)
Bakı-APA. 2011-ci ilin 18 noyabr tarixində Serbiyanın paytaxtı Belqrad şəhərində “Təbii və texnogen fəlakətlərin qarşısının alınması ilə bağlı regional fəaliyyətin əlaqələndirilməsi” mövzusuna həsr edilmiş Nazirlər Konfransı keçirilib. Tədbir Serbiyanın hazırda “Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi” təşkilatına sədrliyi çərçivəsində təşkil edilib. Tədbirdə Azərbaycanı ölkəmizin Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev təmsil edib. Bu barədə APA Azərbaycanın Serbiyadakı səfirliyindən məlumat verilib.

Konfransı giriş sözü ilə Serbiyanın Baş Naziri Mirko Tsvetkoviç açıb, daha sonra tədbirdə çıxış edən Avropa Birliyinin Beynəlxalq əməkdaşlıq, humanitar yardım və böhranın qarşısının alınması üzrə Komissarı xanım Kristalina Georgiyeva, Serbiya Baş Nazirinin birinci müavini, Daxili işlər Naziri İvitsa Daçıç və digər iştirakçı ölkələrin nümayəndələri təbii və texnogen fəlakətlərin qarşısının alınmasında birgə fəaliyyətlərin əlaqələndirilməsinin və fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar.

Konfransda çıxış edən Azərbaycan Respublikasının Fövqəladə hallar nazirinin müavini O.Hacıyev ölkəmizin təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması sahəsində bir çox ölkələrlə sıx əməkdaşlıq etməsi, Azərbaycanda fövqəladə halların qarşısının alınması sahəsində əldə olunmuş təcrübə, Nazirliyin maddi-texniki bazası barədə məlumat verib.

Tədbir çərçivəsində O.Hacıyevin Serbiya Baş Nazirinin birinci müavini, Daxili İşlər Naziri İ.Daçıçlə görüşü keçirilib və görüşdə hər iki tərəfi maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin Serbiyanın Daxili İşlər Nazirinin köməkçisi və Fövqəladə halların idarə olunması üzrə sektorun rəhbəri Predraq Mariç iştirak edib.

Konfrans öz işini bitirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR