Böyük Britaniya XİN bəyanat yayıb

Böyük Britaniya XİN bəyanat yayıb
# 29 noyabr 2011 18:02 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Böyük Britaniya Xarici İşlər Nazirliyi bu ölkənin İrandakı səfirliyinə hücum ilə bağlı bəyanat yayıb. APA-nın məlumatına görə, sənəddə İrandakı hakim rejimə yaxın “Bəsic” könüllülər dəstəsinin üzvlərinin hərəkəti kəskin şəkildə pislənilib və Böyük Britaniya səfirliyi qarşısında belə bir aksiyanın keçirilməsinin heç bir məntiqə sığmadığı qeyd olunub. Bundan əlavə, bəyanatda İran hökumətindən bu cür hərəkətlərin qarşısını almaq və beynəlxalq qanunlar əsas gətirilərək səfirlik əməkdaşlarının təhlükəsizliyini təmin etmək tələb olunub.
Qeyd edək ki, noyabrın 29-da Böyük Britaniyanın İrandakı səfirliyinin binası qarşısında kütləvi aksiya keçirilib. Səfirliyin qarşısına toplaşan kütlə ABŞ, Böyük Britaniya və İsrail əleyhinə şüarlar səsləndirib, binanı yumurta atəşinə tutublar, şüşələrini sındırıb və yandırıcı maddələr atıblar. Hətta aksiya iştirakçıları səfirlik binasından asılmış Britaniya bayrağını endirərək onun yerinə İran bayrağı asıblar. Britaniya və İsrail bayraqları yandırılıb. Eyni zamanda bəzi şəxslər içəri daxil olaraq səfirliyə məxsus bir sıra sənədləri bayıra töküblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR