ABŞ Gürcüstana 140 ton hərbi yardım göndərib

ABŞ Gürcüstana 140 ton hərbi yardım göndərib
# 03 fevral 2023 17:27 (UTC +04:00)

ABŞ Gürcüstan Müdafiə Nazirliyinə (MN) 140 ton hərbi yardım göndərib.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Tbilisidəki səfirliyi “Facebook”da bildirib.

Səfirlik ölkəyə hansı növ hərbi yükün gəldiyi barədə dəqiq məlumat verməyib.

"Gürcüstanın MN-ə 140 ton hərbi yük təhvil verdik. ABŞ Gürcüstanla strateji tərəfdaşlığa sadiqdir və ölkənin Silahlı Qüvvələrini gücləndirməyə davam edəcək", - səfirliyin bəyanatında deyilib.

Qeyd edək ki, Gürcüstan və ABŞ arasında 1990-cı illərin sonundan müdafiə, təhlükəsizlik sahələrində, 1992-ci ildən isə siyasi, iqtisadi, ticarət, əməkdaşlıq mövcuddur.

Xatırladaq ki, 2009-cu ilin yanvarında Vaşinqtonda ABŞ-ın o dövrdəki Dövlət katibi Kondoliza Rays və Gürcüstanın sabiq xarici işlər naziri Qriqol Vaşadzenin iştirakı ilə iki ölkə arasında təhlükəsizlik, müdafiə, ticarət, iqtisadiyyat, mədəniyyət, eləcə də humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan strateji tərəfdaşlığa dair sənəd imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR