Aİ səfirləri Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiqləyib

Aİ səfirləri Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiqləyib
# 02 iyun 2022 18:37 (UTC +04:00)

30-31 may tarixlərində Avropa İttifaqı Şurasının fövqəladə iclasının nəticələrinə uyğun olaraq, Rusiyaya qarşı altıncı sanksiyalar paketi Aİ səfirləri tərəfindən təsdiqlənib.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasına hazırda prezidentlik edən Fransanın "Twitter" hesabında məlumat verilib.

Bildirilib ki, bu paketdə Rusiyaya qarşı sanksiyalar əhəmiyyətli dərəcədə yeni sahələri əhatə edir.

“Xüsusilə Buça qırğınları ilə əlaqəli olan təhlükəsizlik və hərbi aparat üzvlərinə, Rusiya təcavüzü ilə əlaqəli sənaye və texnoloji sektora aid qurumlara, oliqarxlara, Rusiya təbliğat aktyorlarına və onların ailə üzvlərinə qarşı sanksiyalar tətbiq olunur.

Rusiyadan dəniz yolu ilə neft idxalına qadağa tətbiq olunur. Bu qadağa Almaniya və Polşanın qəbul etdiyi milli qərarlarla birlikdə ilin sonuna qədər Rusiya neftinin idxalını 92% azaldacaq.

Bu, mümkün qədər tez bir zamanda Rusiyadan boru kəməri ilə neft idxalına qadağa qoyulması ilə tamamlanacaq.

“Sberbank” və Belarus bankı da daxil olmaqla, üç Rusiya bankı SWIFT sistemindən ayrılır.

Rusiyaya ixrac qadağalarının uzadılması, xüsusən də kimyəvi maddələr və yüksək texnologiyalı mallara sanksiyalar tətbiq edilir. Rusiyanın neft sektoruna xidmətlərin göstərilməsi qadağan edilir. Eyni zamanda, təbliğatla məşğul olan üç Rusiya mediasına da sanksiya tətbiq olunur və Rusiya operatorları üçün məsləhət xidmətləri qadağan edilir”, - qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR