Xarici işlər naziri Annalena Berbok Almaniyanın BMT Təhlükəsizlik Şurasında daimi üzv olmaq üçün səylərini davam etdirdiyini deyib.
APA xəbər verir ki, bu barədə Almaniya XİN rəhbəri ARD-yə bildirib.
"Biz daimi üzv olmağı da təsəvvür edə bilərik. Ancaq bu yalnız şəxsi maraqlardan irəli gəlmir, 21-ci əsrin reallıqlarını daha çox nəzərə alan böyük modernləşmənin bir hissəsi olaraq bunu düşünmək lazımdır", Annalena Berbok qeyd edib.
O, Rusiyanı Ukraynadakı işğalçılıq müharibəsi ilə əlaqədar veto hüququndan sui-istifadə etdiyinə görə də tənqid edib. "Buna görə də islahatlar həmişəkindən daha vacibdir. Ancaq realist olmaq lazımdır, bu, sabah olmayacaq".
Bununla belə xanım Berbok Zelenskinin Rusiyanın BMT Təhlükəsizlik Şurasında veto hüququnu ləğv etmək tələbini rədd edib. "Biz bunu dəstəkləmirik və mən bunu ukraynalı həmsöhbətlərimə dönə-dönə bildirmişəm", Almaniya xarici işlər naziri əlavə edib.