Avropa Parlamentinin daha 2 deputatının toxunulmazlığı ləğv edilib

Avropa Parlamentinin daha 2 deputatının toxunulmazlığı ləğv edilib
# 02 fevral 2023 16:30 (UTC +04:00)

Avropa Parlamenti (AP) ittifaqın ən böyük korrupsiya qalmaqalı ilə əlaqədar daha 2 deputatın toxunulmazlığını ləğv edib.

APA xəbər verir ki, bu gün keçirilən səsvermədə belçikalı deputat Mark Tarabella və italiyalı deputat Andrea Kozzolinonun toxunulmazlığı ləğv edilib.

Bununla da onların Belçika hüquq-mühafizə orqanları tərəfindən sorğu-sual edilməsinə imkan yaradılıb. Hər iki deputat daha əvvəl vəkilləri vasitəsilə Belçika rəsmiləri ilə əməkdaşlıq arzusunda olduqlarını bəyan ediblər. Onlar Qətər və Mərakeşdən rüşvət alınması ilə əlaqələrinin olmadığını bəyan ediblər.

Canlı yayımlanan səsvermə zamanı Tarabellanın özünün də öz toxunulmazlığının ləğv edilməsi lehinə səs verdiyi görünüb.

Belçika rəsmilərinin Tarabella ilə bağlı təqdim etdiyi hesabatında onun korrupsiya vəsaitləri müqabilində bir və ya bir neçə dövlətin xeyrinə AP-də keçirilən debatlara və qərarlara təsir etməsinin mümkünlüyü bildirilib. Tarabellaya qarşı ifadədə onun 132 min və 145 min dollar ödəniş edildiyi göstərilib.

Kozzolinonun hesabatında isə onun 2019-cu ildən bəri AP-də xarici dövlətlərin maraqlarının qorunması məqsədilə digər şəxslərlə əməkdaşlıq etdiyi vurğulanıb.

Hər iki deputat AP-dəki ikinci ən böyük siyasi qrup olan mərkəz-sol Sosialistlər və Demokratların üzvüdür.

“Qətərqeyt” kimi tanınan korrupsiya qalmaqalı ötən il dekabrın əvvəllərində Brüsseldə və İtaliyada bir neçə məkana edilmiş basqın nəticəsində yüz minlərlə avronun aşkarlanması nəticəsində gündəmə gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR