BƏM Litvanın Ukraynanın Rusiyaya qarşı iddiasına qoşulmasını təsdiqləyib

Litvanın ədliyyə naziri Evelina Dobrovolska

© APA | Litvanın ədliyyə naziri Evelina Dobrovolska

# 08 iyun 2023 13:22 (UTC +04:00)

Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Litvanın Ukraynanın Rusiyaya qarşı iddiasına qoşulmasını təsdiqləyib.

APA "TV3.lt"yə istinadən xəbər verir ki, bu barədə Litvanın ədliyyə naziri Evelina Dobrovolska "Ziniu" radioya müsahibəsində deyib.

"Bu yaxınlarda bizə məlumat verildi ki, Beynəlxalq Ədalət Məhkəməsi bu həftə Litvanın “Ukrayna Rusiyaya qarşı” işinə qoşulmasını təsdiqləyib və iştirakımıza icazə verib. Bu işə qoşulmağımız barədə təsdiq aldığımız üçün şadıq, biz indi bir ay ərzində yazılı izahatı təqdim etməliyik", - litvalı nazir bildirib.

Rusiyanın məsuliyyətindən danışan xanım Dobrovolska vurğulayıb ki, bu həftə beynəlxalq ictimaiyyəti şoka salan Kaxovka su elektrik stansiyasının bəndinin bombalanması kimi müharibə cinayətləri davam edir və Rusiyaya qarşı araşdırmalara səbəb olan epizodlar artmaqdadır.

Xatırladaq ki, keçən il Litva rəsmi olaraq Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsində Ukraynanın Rusiyaya qarşı hərbi cinayətlərə dair işinə qoşulmaq üçün müraciət edib. Ukrayna, Litva və regionun digər ölkələri də Rusiyanın müharibə cinayətlərinin araşdırılması üçün xüsusi tribunalın yaradılmasını istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR