BMT-nin Kosovodakı missiyasının rəhbəri regionun şimalında gərginliyin azaldılmasına çağırıb

BMT-nin Kosovodakı missiyasının rəhbəri regionun şimalında gərginliyin azaldılmasına çağırıb
# 27 may 2023 07:11 (UTC +04:00)

BMT-nin Kosovodakı missiyasının rəhbəri Karolin Ziade Priştina və Kosovo serblərini əyalətin şimalında vəziyyəti gərginləşdirməkdən çəkinməyə çağırıb.

APA xəbər verir ki, bu barədə missiyanın yaydığı məlumatda qeyd olunub.

"Kosovo üzrə xüsusi nümayəndəsi Ziade Kosovonun şimalındakı hadisələri xüsusi narahatlıqla izləyir. O, bütün tərəfləri vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə və sakitliyi bərpa etmək üçün təcili tədbirlər görməyə çağırır. O, Aİ-nin köməyi ilə dialoq vasitəsilə həll yolunun tapılmasının vacibliyini vurğulayır”, - missiyanın məlumatında bildirilib.

Qeyd edək ki, Kosovonun şimalında yerləşən Zveçan bələdiyyəsində kosovolu polislərlə toqquşmalar nəticəsində ən azı 10 serb xəsarət alıb.

Kosovonun şimalında və Metohiya vilayətində yaşayan serblər bələdiyyə binaları ətrafında barrikadalar qurub. Kosovo polisi binalara girməyə çalışarkən toqquşmalar baş verib.

Eyni zamanda, Serbiya Prezidenti Aleksandar Vuçiçin əmri ilə Serbiya Silahlı Qüvvələri yüksək hərbi hazırlıq vəziyyətinə gətirilib.

Aprelin 23-də Kosovonun şimalında və Metohiya vilayəti ərazisində yerləşən Zveçan, Zubin-Potok, Leposaviç və Severna-Mitrovitsa rayonlarında bələdiyyə seçkiləri keçirilib. Serblərin maraqlarını təmsil edən “Serb siyahısı” qrupunun seçkiləri boykot etməsi səbəbindən bölgədə vəziyyət gərginləşməyə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR