Bolqarıstanda növbədənkənar parlament seçkiləri təyin edilib

Bolqarıstanda növbədənkənar parlament seçkiləri təyin edilib
# 01 avqust 2022 16:18 (UTC +04:00)

Bolqarıstan Prezidenti Rumen Radev oktyabrın 2-nə növbədənkənar parlament seçkiləri təyin edib.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bu, son 2 ildə Bolqarıstanda keçiriləcək 4-cü parlament seçkiləri olacaq.

Radev eyni zamanda, sabiq əmək naziri Qalab Donevi avqustun 2-də fəaliyyətə başlaması üçün müvəqqəti hökumətin rəhbəri təyin edib.

Avropa ölkəsi Rusiya-Ukrayna müharibəsindən sonra güclü inflyasiya və təbii qaz tədarükü problemləri yaşayır.

Donevin təyinatının başlıca məqsədinin artan enerji və ərzaq qiymətlərinin qaydasına salınması olacağı bildirilir. Bu məqsədlə müvəqqəti hökumətin Kiril Petkov hökuməti dövründə Moskva ilə gərginləşən diplomatik əlaqələri qaydasına salması, Rusiyadan qaz idxalını yeniləməyə səy göstərməsi gözlənilir.

İyunda hakimiyyətdən gedən Kiril Petkov Bolqarıstandakı Rusiya diplomatik heyətinin 70 üzvünü casusluq ittihamı ilə ölkədən çıxarıb və Rusiyaya qaz idxalına görə rublla ödəniş etməkdən imtina edib. Nəticədə Moskva Rusiya qazından tam asılı olan ölkəyə mavi yanacaq ixracını dayandırıb.

Rusiyanın Ukraynanı işğal etməsini qınayan və geniş yayılmış korrupsiya ilə mübarizə aparacağı vədini verən Petkov hökuməti hakimiyyətə gəlməsindən 6 ay sonra etimadsızlıq səsverməsi ilə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR