Boris Conson: "Rusiya Ukraynanın başına silah dayayıb"

Boris Conson

© APA | Boris Conson

# 25 yanvar 2022 18:18 (UTC +04:00)

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün Rusiya Prezidenti Vladimir Putinlə yenidən danışığa hazır olduğunu açıqlayıb.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bu gün parlamentdə çıxış edən Baş nazir bildirib ki, Rusiyanın məqsədi NATO-nun öz sərhədlərinə yaxınlaşmasına imkan verməməkdir.

O bildirib ki, Britaniyanın xarici işlər və müdafiə nazirləri rəsmi Londonun məsələ ilə bağlı mövqeyini Prezident Putinə çatdırıblar.

Boris Conson 13 dekabrda Putinlə telefonla danışıq apardığını xatırladaraq gərginliyin səngiməsi üçün yenidən danışıqlara hazır olduğunu bildirib.

Baş nazir çıxışında Rusiyanın Ukraynanın başına silah dayadığını deyib və əlavə edib ki, Rusiya Ukraynanı işğal edərsə, Böyük Britaniya NATO-nun Şərqi Avropada əsaslı şəkildə yerləşməsinə töhfə verəcək.

O vurğulayıb ki, ukraynalıların öz ölkələrini müdafiə etmək üçün hər cür mənəvi və hüquqi hüququ var.

Baş nazir ölkəsinin Rusiyanın Ukraynaya qarşı aqressiyasına qarşılıq olaraq, sanksiyaları sərtləşdirməkdən çəkinməyəcəyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR