Britaniya kəşfiyyatı: Rusiya Ukraynada tam hava üstünlüyü əldə edə bilmir

Britaniya kəşfiyyatı: Rusiya Ukraynada tam hava üstünlüyü əldə edə bilmir
# 20 iyun 2022 10:20 (UTC +04:00)

Həftə sonu Rusiyanın quru və taktiki hava əməliyyatlarının əsas fokus mərkəzi Donbas sektoru olaraq qalıb.

APA-nın xəbərinə görə, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, münaqişə başlayandan bu vaxtadək Rusiyanın hərbi hava qüvvələri zəif nəticə göstəriblər.

Qeyd olunub ki, hərbi hava qüvvələrindən istifadə edərkən davamlı olaraq üzləşdiyi uğursuzluqlar Rusiyanın hərbi əməliyyatlarının nailiyyətlərinin məhdud qalmasında başlıca faktorlardan biri ola bilər.

Məlumatda əlavə olunub ki, Rusiya Ukraynada tam hava üstünlüyü əldə edə bilmir və riskli, çətin şəraitlərdə fəaliyyət göstərmək məcburiyyətində qalır, nadir hallarda isə Ukrayna xəttinin dərinliyinə nüfuz edə bilir.

“Rusiya hava döyüşü təlimləri illərlə hərbi hava qüvvələrinin şəxsi heyətinin dinamik təşəbbüskarlığının inkişaf etdirilməsi yerinə rəhbər şəxsləri heyran etmək üçün yazılıb və dizayn edilib”, - deyə məlumatda qeyd olunub.

Vurğulanıb ki, Rusiyanın nisbətən müasir və geniş imkanları olan qırıcı təyyarələri olsa da Qərb tərzində müasir hərbi hava kampaniyası həyata keçirməkdə uğursuz olub. Bu isə yorulmaqda olan quru qoşunlarının, sayı tükənməkdə olan qabaqcıl qanadlı raketlərin üzərində daha çox yük qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR