Rusiyanın Qara Dəniz Donanması hələ də öz müharibə missiyalarını yerinə yetirmək iqtidarındadır.
APA xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, sentyabrın 20-də və 22-də donanmanın baş qərargahları müharibə dövrünün daha dağıdıcı və daha kordinasiyalı hücumlarına məruz qalıb.
Qeyd olunub ki, vurulmuş fiziki zədələr güclü olsa da lokallaşdırılıb. Belə ki, donanma hələ də müharibə dövründə əsas missiyası olan qanadlı raketlərlə zərbə endirmək və lokal təhlükəsizlik patrulları həyata keçirmək vəzifəsini icra edə bilir.
Bununla belə, məlumatda Qara Dəniz Donanmasının daha geniş regional təhlükəsizlik patrulları həyata keçirmək və Ukrayna limanlarını de-fakto blokadada saxlamaq imkanlarının azaldığı vurğulanıb. Əlavə olunub ki, donanmanın öz limanındakı aktivlərini qorumaq və müntəzəm texniki-baxış həyata keçirmək imkanları pisləşib.
Qeyd olunub ki, Qara dənizdə uzaqmənzilli zərbə döyüşləri davam edir və bu, Ukrayna ordusunun Kremlin isti su limanı olan işğal altındakı Sevastopoldan simvolik və strateji güc projeksiyasını baltalayır.