Conson Fransanın Rusiyanın Ukraynaya müdaxilə ehtimalını “inkar etdiyini” iddia edib

Boris Conson

© APA | Boris Conson

# 23 noyabr 2022 11:50 (UTC +04:00)

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson Fransanın Rusiyanın Ukraynaya müdaxiləsi ehtimalını “inkar etdiyini” iddia edib.

APA xəbər verir ki, Boris Conson “CNN Portugal”a müsahibəsində bu barədə deyib.


Conson bildirib ki, Moskva fevralın 24-də Ukraynaya müxtəlif istiqamətlərdən hərbi müdaxiləyə başlamazdan əvvəl Qərb dövlətlərinin münasibəti çox müxtəlif olub. Conson Aİ ölkələrinin sonradan Ukraynanın arxasında toplaşdığını və indi sabit dəstək verdiyini vurğulasa da, Rusiyanın işğalından əvvəlki dövrdə bunun olmadığını deyib.

“Bu, böyük şok idi. Biz rus taktiki qruplarının sərhəddə toplaşdığını görə bilirdik, lakin müxtəlif ölkələrin çox fərqli perspektivləri var idi. Almaniyanın bu mərhələdə yanaşması belə idi ki, əgər bu baş verəcəksə, bu, fəlakət olacaqsa, onda hər şeyin tez bitməsi və Ukraynanın əyilməsi daha yaxşı olardı. Bu yanaşma üçün sağlam iqtisadi səbəblər vardı. Mən bunu dəstəkləyə bilməzdim, düşündüm ki, bu, fəlakətli baxış tərzidir. Amma mən onların niyə belə düşündüklərini anlaya bilirəm”, - Conson əlavə edib.


Boris Conson İtaliyanın işğal təhlükəsinə ilkin reaksiyasını da tənqid edib. O, Mario Draqinin rəhbərlik etdiyi hökumətin Rusiya karbohidrogenlərindən asılılığını qeyd edərək, “onlar bir mərhələdə bizim tutduğumuz mövqeyi dəstəkləyə bilməyəcəklərini deyirdilər", - deyə vurğulayıb.

Böyük Britaniyanın keçmiş Baş naziri bildirib ki, Rusiya fevralda işğala başlayan kimi, bütün Avropada münasibət sürətlə dəyişib.

“Baş verənlərdən sonra - almanlar, fransızlar, italyanlar, hamı (ABŞ prezidenti) Co Bayden - sadəcə olaraq heç bir seçim olmadığını gördü. Çünki siz bu adamla (Putin) danışıq apara bilmədiniz. Bu, əsas məqamdır”, deyən keçmiş Baş nazir, o vaxtdan bəri Aİ-nin Rusiyaya qarşı müqavimətdə böyük iş gördüyünü vurğulayıb.

“Bütün narahatlıqlarımdan sonra Aİ-nin atdığı addımlara hörmət edirəm. Onlar birləşiblər. Sanksiyalar sərtdir”, - Conson qeyd edib.

Boris Conson Ukrayna Prezidenti Zelenskinin ölkəyə rəhbərliyini və bu çətin anda onun liderliyini də böyük təqdir etdiyini vurğulayıb: “O, çox cəsarətli oğlandır. Düşünürəm ki, əgər o orada olmasa idi, bu münaqişənin tarixi və nəticələr tamamilə fərqli olardı”.

Boris Conson Ukraynanın Aİ-yə üzvlük məsələsinə də toxunub. “Ukrayna Aİ-yə üzv olmağı seçirsə, buna doğru getməlidir. Mən hesab edirəm ki, bu, Ukrayna üçün yaxşı bir şey olar. Bu, ölkəyə siyasi və iqtisadi islahatlara nail olmağa kömək edəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR