Türkiyə silah alverçilərinə yardım edənlərdən fərqli olaraq, Rusiya-Ukrayna münaqişəsinin həlli yollarının axtarışına töhfə verir.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyaya səfəri zamanı deyib.
“Dünya hər hansı bir şəkildə müdaxilə etdimi? Yox. Onların hamısı silah satıcılarına kömək edir. Onlar dünya silah tacirlərinin necə qazanc əldə edəcəkləri, haradan faydalanacaqları və nə qazanacaqları ilə maraqlanırlar. Və biz dünyada sülhü necə təmin edə biləcəyimizlə maraqlanırıq”, - deyə o bildirib.
Ərdoğan vurğulayıb ki, Türkiyə dünyada sülhün əldə olunması üçün səy göstərir.
“Eyni gündə mən həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar apardım. Biz onları barışdırmağa çalışırıq. Biz beynəlxalq sülh naminə bu yolu səmimiyyətlə davam etdiririk”, - deyə Türkiyə lideri vurğulayıb.