Estoniya Prezidenti sovet abidələrinin sökülməsinə dair qanunu imzalamayıb

Estoniya Prezidenti Alar Karis

© APA | Estoniya Prezidenti Alar Karis

# 07 mart 2023 15:52 (UTC +04:00)

Estoniya Prezidenti Alar Karis sovet abidələrinin təhlükəli və düşmənçiliyi qızışdıran obyekt kimi sökülməsinə dair parlamentin qəbul etdiyi qanunu imzalamayıb.

APA "Interfax"a istinadən xəbər verir ki, o, qərarını mətnin qeyri-müəyyənliyi və Konstitusiyaya uyğunsuzluğu ilə əsaslandırıb, ona görə də qanun layihəsi yenidən baxılmaq üçün parlamentə geri qaytarılıb.

Yeni qanun Tikinti Məcəlləsinə, Tikinti Məcəlləsinin tətbiqi haqqında qanuna, planlaşdırma haqqında qanuna, dövlət əmlakı haqqında qanuna dəyişiklikləri nəzərdə tutur. Estoniya Prezidentinin sözlərinə görə, qanun layihəsinin hazırkı variantı Konstitusiyaya ziddir, ona görə də dəyişikliklər edilməlidir.

Prezident bildirib ki, izahatlara görə, ilk növbədə "sovet hökumətinin fəaliyyəti ilə bağlı obyektlər" qadağan olunmuş sayılır: "Eyni zamanda, qadağanın özünü daha geniş şərh etmək olar. Beləliklə, qanunun icraçısı qanun müəlliflərinin nə demək istədikləri barədə fərziyyələrə əsaslanmalı idi".

"Qəbul edilmiş qanunun 1-ci maddəsinin 1-ci bəndi hüquqi cəhətdən aydın deyil və ona görə də Konstitusiyanın 13-cü maddəsinin 2-ci bəndinə ziddir", - ölkə başçısı açıqlamasında vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR