Estoniya Rusiya vətəndaşlarına təhsil vizası və müvəqqəti yaşayış icazəsi verməyəcək

Estoniya Rusiya vətəndaşlarına təhsil vizası və müvəqqəti yaşayış icazəsi verməyəcək
# 28 iyul 2022 17:57 (UTC +04:00)

Estoniya hökuməti Rusiya vətəndaşlarının ölkədə təhsil almaq üçün müvəqqəti yaşamaq icazəsi və ya viza üçün müraciət etmələrini məhdudlaşdıran sanksiyanı təsdiqləyib.

APA xəbər verir ki, bu barədə Estoniya hökumətinin rəsmi saytında məlumat verilib.

Belaruslular isə hələ də təhsil vizası üçün müraciət edə bilərlər.

Bundan əlavə, təsdiqlənmiş sanksiyaya əsasən, Rusiya və Belarus vətəndaşları yalnız Estoniya tərəfindən verilmiş etibarlı vizaya malik olduqları təqdirdə qısamüddətli iş üçün qeydiyyatdan keçə bilərlər. Belə ki, ölkəyə gələn, lakin Estoniyada qalmaq üçün qanuni hüququ olmayan və Estoniyaya başqa bir Aİ üzvü tərəfindən verilmiş viza ilə gələn Rusiya və Belarus vətəndaşlarına müvəqqəti yaşamaq və ya işləmək icazəsi verilməyəcək.

Xarici işlər naziri Urmas Reinsalu hökumətin mətbuat konfransında bildirib ki, Estoniya xüsusi humanitar hallar istisna olmaqla, Rusiya vətəndaşlarına viza verilməsini dayandırıb.

“Biz gələcək Şengen vizalarının verilməsi ilə bağlı Avropa İttifaqının əlavə sanksiya təkliflərini hazırlayırıq, lakin əvvəllər verilmiş vizaların etibarlılığına da yenidən baxmaq lazımdır. Həm Estoniyada, həm də Avropada”, - Reinsalu bildirib.

Xatırladaq ki, Estoniya fevral ayında Rusiya vətəndaşlarına viza verilməsini dayandırıb, lakin əvvəllər viza almış şəxslər hələ də ölkəyə daxil ola bilərdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR