Estoniya Ukraynaya indiyə qədərki ən böyük yardım paketini elan edib

Estoniya Ukraynaya indiyə qədərki ən böyük yardım paketini elan edib
# 19 yanvar 2023 13:01 (UTC +04:00)

Estoniya hökuməti bu gün ölkənin indiyə qədərki ən böyük hərbi yardım paketini Ukraynaya göndərmək qərarını açıqlayıb.
APA xəbər verir ki, bu barədə Estoniya Baş nazirinin ofisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Estoniya hökuməti müdafiə naziri Hanno Pevkurun Ukraynaya uzaqdan atəş və tank əleyhinə silahlar, eləcə də ümumilikdə 113 milyon avro dəyərində sursat daxil olmaqla bu günə qədər ən böyük hərbi yardım paketi təqdim etmək təklifini dəstəkləyib.

Bununla da Estoniyanın Ukraynaya hərbi yardımı 370 milyon avroya qədər artıb və Estoniyanın ümumi daxili məhsulunun (ÜDM) 1%-ni keçib.

Hərbi yardımla bağlı Estoniya Baş naziri deyib ki Ukrayna məğlub olarsa dünyanın başqa yerlərində də azadlıq təhlükə altına düşəcək. “Estoniyalılar öz ağrılı tarixlərindən bilirlər ki, şər zəfər çalanda və böyük bir ölkə kiçikləri udanda nə olur. Ukrayna yıxılsa, dünyanın başqa yerlərində də azadlıq təhlükə altına düşəcək. Ukraynaya öz müstəqilliyini müdafiə etməkdə kömək etməklə biz bütün ölkələrin, o cümlədən Estoniyanın azadlıq və demokratiya hüququnu müdafiə edirik. Buna görə də bizim Ukraynaya hərbi yardımı davam etdirməyimiz vacibdir. Bugünkü qərarla biz Ukraynaya ən çox ehtiyacı olan silahları göndəririk. Ukrayna bu yardımı birbaşa Estoniyadan istəyib, bu xüsusi silahlara ehtiyacı prezident Zelenski də Riqada Birgə Ekspedisiya Qüvvələrinin (JEF) liderlərinin son görüşündə vurğuladı”, Baş nazir Kaya Kallas bildirib.

Müdafiə naziri Hanno Pevkur isə Ukraynanın ağır silahlara böyük ehtiyacı olduğunu deyib. “Ukraynanın üstünlüyü saxlamaq və hazırda hərbi gücünü bərpa etməyə hazırlaşan Rusiyaya tab gətirmək üçün ağır silahlara ehtiyacı var. Ən çətin döyüşlər hələ qarşıdadır. Biz və müttəfiqlərimiz Ukrayna əsgərlərinin döyüş qabiliyyətinə birbaşa təsir göstəririk. Buna görə də nümunə göstərmək və digər müttəfiqləri yardım göstərməyə həvəsləndirmək vacibdir”, - deyə müdafiə naziri Hanno Pevkur bildirib.

Qeyd edək ki, bu dəfəki hərbi yardım paketi haubitsalarda, döyüş sursatı, artilleriya dəstək avadanlığı və qumbaraatanlardan ibarətdir. Paketin ümumi dəyəri təxminən 113 milyon avro təşkil edir. Əvvəlki yardım paketləri ilə Estoniya Ukraynaya "Javelin" tank əleyhinə raketlər, haubitsalar, tank əleyhinə minalar, tank əleyhinə qumbaraatanlar, minaatanlar, nəqliyyat vasitələri, rabitə vasitələri, tibbi ləvazimatlar, fərdi qoruyucu vasitələr, quru qida paketləri verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR