Estoniya xarici işlər naziri: Rusiya Ukraynada genişmiqyaslı hücumlara hazırlaşır

Estoniya XİN başçısı Urmas Reinsalu

© APA | Estoniya XİN başçısı Urmas Reinsalu

# 23 yanvar 2023 13:00 (UTC +04:00)

“Ruslar Ukraynada genişmiqyaslı hücumlara hazırlaşır".

APA xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Urmas Reinsalu Aİ-nin Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

“Estoniyanın Ukraynaya hərbi yardımın miqdarı ölkəmizin ÜDM-nin 1 faizini keçib. Biz bütün ölkələri eyni addımı atmağa çağırırıq, çünki bu müharibə meydanında fərq yaradacaq. Biz Ukrayna xalqına özünü qorumaq və eyni zamanda, ərazilərini azad etmək üçün lazım olan bütün dəstəyi verməliyik. Biz Ukraynanın qələbəsinə sərmayə qoymalıyıq. Mən həmçinin, Aİ-nin Ukrayna Prezidenti Zelenskinin 10 prinsiplik Sülh Planını qətiyyətlə dəstəkləməyə çağırıram", - Reinsalu deyib.

O, Almaniyanın "Leopard" tanklarının Ukraynaya göndərilməsi ilə bağlı qərarı gecikdirməsinə də münasibət bildirib.

Estoniya XİN başçısı Almaniyanın Avropanın aparıcı gücü olduğunu, Avropanın təhlükəsizliyində məsuliyyət daşıdığını və bunun üçün də bu təhlükəsizliyə töhfə verməli olduğunu vurğulayıb: “Bu qərarsızlıq ötən ilin yazında Ukraynaya artilleriya verilib-verilməməsi ilə bağlı qərarsızlığa bənzəyir. Rusiya bizi təhdid edə bilər, ancaq biz bu soyqırımı müharibəsinin qarşısını almaq üçün əlimizdən gələni etməliyik. Ukraynanın uzaqmənzilli raketlərə, havadan müdafiə sistemlərinə ehtiyacı var”.

Estoniyalı naziri beynəlxalq tribunalın yaradılmasının vacibliyi barədə də danışıb: “Putin və Rusiyanın hərbi rəhbərliyi törətdikləri əməllərə görə bu tribunalda cavab verməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR