Finlandiya XİN Türkiyədəki seçkilərin NATO-ya üzvlük prosesinə təsir etdiyini deyib

Finlandiya XİN başçısı Pekka Haavisto

© APA | Finlandiya XİN başçısı Pekka Haavisto

# 25 yanvar 2023 14:27 (UTC +04:00)

"Bizim NATO-ya üzvlük prosesi iki ölkənin əlindədir, bildiyiniz kimi Macarıstan və Türkiyə hələ protokolları ratifikasiya etməyib".

APA xəbər verir ki, bunu Riqada səfərdə olan Finlandiyanın xarici işlər naziri Pekka Haavisto latviyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Biz bilirik ki, NATO elə bir klubdur ki, ora yeni üzvün qəbul olunması üçün bütün müttəfiqlərin razılığı tələb olunur. Macarıstan vəd edib ki, fevral ayında bu məsələyə parlamentdə baxılacaq, ehtimal ki, fevralın sonunda bu baş tutacaq. Lakin Türkiyə ilə bağlı deyə bilərəm ki, bizim cədvəlimiz yoxdur. Stokholmdakı insidentlərə görə Türkiyə bəyan etdi ki, bizim Madriddə razılaşdırdığımız üçtərəfli əməkdaşlığı dondurur”, - Finlandiya XİN başçısı bildirib.

Haavisto vurğulayıb ki, üçtərəfli əməkdaşlığın çox vacib olduğunu və bu çərçivədə İsveç və Finlandiyanın addımlar atdığını xatırladıb: “Məsələn, terrorla mübarizə sahəsində əməkdaşlıq, xüsusilə də həm İsveç və Finlandiyada, həm də bütün Avropada terrorçu təşkilat kimi qəbul olunmuş PKK-ya qarşı mübarizə. Hesab edirik ki, İsveç və Finlandiya öz öhdəliklərini yerinə yetirir və gözləyirik ki, Türkiyə də növbəti addımı atacaq”.

Haavisto əlavə edib ki, may ayında Türkiyədə baş tutacaq prezident seçkiləri də ratifikasiya prosesinin gecikdirilməsinin səbəbi ola bilər: “May ayındakı seçkilərlə iyul ayında Vilnüsdə keçiriləcək NATO sammiti arasında qısa müddət qalır və ümid edirik ki, bu zaman kəsiyində ratifikasiya prosesi istiqamətində müsbət irəliləyiş olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR