Fransada təqaüd yaşının artırılmasına qarşı kütləvi etirazların miqyası böyüyür

Fransada təqaüd yaşının artırılmasına qarşı kütləvi etirazların miqyası böyüyür
# 31 yanvar 2023 13:24 (UTC +04:00)

Fransada təqaüd yaşının artırılmasına qarşı növbəti kütləvi etirazlar keçirilir.

APA Fransa mətbuatına istinadən xəbər verir ki, etirazlar təqaüd yaşının 62-dən 64-ə qaldırılmasına görə başlayıb.

Bu gün ölkədə ictimai nəqliyyat və təhsil sahəsində çalışanlar etirazlara qoşulduğu üçün milyonlarla vətəndaş alternativ nəqliyyat vasitələri tapmalı, evdən işləməli və ya məktəb yaşlı uşaqlarına baxmaq üçün vaxt ayırmalı olub.

Paytaxtın nəqliyyat operatoru olan RATP bildirib ki, Paris metrosu və şəhərətrafı dəmir yolu xidmətləri ciddi şəkildə məhdudlaşdırılıb.

Ölkənin dəmir yolu operatoru SNCF isə yüksək sürətli qatarların yalnız üçdə birinin işləyəcəyini proqnozlaşdırır və insanları evdən işləməyə çağırır.

Fransanın Daxili İşlər Nazirliyi mümkün toqquşmalara qarşılıq ölkə üzrə təxminən 11 min polis əməkdaşını xidmətə səfərbər edib, onlardan 4 minini Parisdə yerləşdirib.

“Le Parisien” qəzetinin məlumatına görə, Parisdəki yürüşə 2018-ci ildə başlayan "Sarı jiletlilər" hərəkatının 1000-1200 fəalı qatılacaq.

Xatırladaq ki, yanvarın 19-da ölkədə təqaüd yaşının qaldırılmasına qarşı keçirilən aksiyalarda təqribən 1,1 milyon insan iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR