“Gürcü Arzusu”nun Rusiya FTX ilə əlaqələrinin araşdırılması tələb olunur

“Gürcü Arzusu”nun Rusiya FTX ilə əlaqələrinin araşdırılması tələb olunur
# 12 sentyabr 2022 15:40 (UTC +04:00)

Gürcüstanın müxalif “Gürcüstan üçün Lelo” partiyası hakim “Gürcü Arzusu” partiyası ilə Rusiya xüsusi xidmət orqanları arasında əlaqələri araşdıracaq parlament komissiyasının təsis edilməsini tələb edib.

APA-nın yerli bürosu xəbər verir ki, təşəbbüs bu gün partiyanın liderlərindən olan Salome Samadaşvili tərəfindən keçirilən brifinqdə irəli sürülüb.

Bildirilib ki, “TV Pirveli”nin efirində yayımlanmış süjetdə hazırda daxili işlər naziri olan Vaxtanq Qomelaurinin Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri olduğu zaman Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) yüksək rütbəli bir rəsmisini Gürcüstana dəvət etməsi ilə bağlı məlumat paylaşılıb. Qeyd olunub ki, tərəflər arasında ikinci görüş Rusiya Federasiyası ərazisində baş tutub.

Salome Samadaşvili qeyd edib ki, hazırda həbsdə olan Gürcüstan DTX-nın keçmiş rəis müavini Soso Qoqaşvili yerli “TV Pirveli”yə açıqlamasında tərəflərin qanunsuz yüklərin daşınması üçün təhlükəsiz dəhlizlərin yaradılması, həmçinin rusiyalılara Gürcüstan vətəndaşlığının verilməsi kimi məsələləri müzakirə etdiklərini deyib.

Salome Samadaşvili bu faktın Gürcüstan qanunvericiliyi ilə yanaşı, beynəlxalq hüququn pozulması olduğunu bildirib.

Əlavə edib ki, “Gürcüstan üçün Lelo” partiyası parlamentdəki digər müxalif partiyalarla birlikdə müvəqqəti araşdırma komissiyasının təsis edilmə məqsədi ilə məsləhətləşmələrə başlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR