Gürcüstanda inflyasiya kəskin artıb, ərzaq məhsulları xeyli bahalaşıb

Tbilisi şəhəri

© APA | Tbilisi şəhəri

# 21 dekabr 2021 11:05 (UTC +04:00)

Pandemiyanın ağır iqtisadi nəticələri Gürcüstanda illik inflyasiya göstəricisinin bu il son 10 ilin maksimumuna çatması ilə özünü göstərir.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Milli Statistika İdarəsinin (GEOSTAT) açıqladığı hesabata görə, cari ilin noyabrında ölkədə inflyasiya əvvəlki ayla müqayisədə 0,6% artıb, illik inflyasiya göstəricisi isə 12,5% təşkil edib.

İnflyasiyanın kəskin artması minimum istehlak səbətindəki əksər malların alışını çətinləşdirib. Belə ki, noyabrda Gürcüstanda çörək 22%, yumurta 41,6%, günəbaxan yağı 40,7%, şəkər 34,7%, kartof 33,7% bahalaşıb.

Ümumilikdə isə GEOSTAT noyabrda Gürcüstanda ərzaq və alkoqolsuz içkilərin qiymətinin 17%, tütün məmulatları və spirtli içkilərin qiymətinin 6,9%, paltar və ayaqqabı qiymətlərinin 2,4%, kommunal xərclər və yanacaq qiymətlərinin 11,5% artdığını bildirir. Bahalaşma xidmət sektorundan da yan keçməyib. Belə ki, noyabrda qonşu ölkədə nəqliyyat xərcləri 20%, səhiyyə xidmətləri 8,5%, hotel və restoranlar 10,9% bahalaşıb.

Gürcüstanda təbii qaz qiymətlərində də artım baş verib. Belə ki, Gürcüstanın əsas qaz tədarükçülərindən olan "SOCAR Georgia Gas" ölkədə mal və məhsulların bahalaşmasını əsas gətirərək dekabrın 1-dən qeyri-əhali abonentləri üçün mavi yanacağın 1 kubmetrinin qiymətini 20 tetri (0,11 manat) artıraraq 1,15 lari (0.63 manat) müəyyən edib.

İnflyasiyanın kəskinləşməsi hökumət rəsmilərini də narahat edir. Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava jurnalistlərə açıqlamasında bildirib ki, ölkə iqtisadiyyatı bərpa olunur və böyüyür, lakin qarşıda bir sıra problemlər dayanır. Nazir hazırda ölkə iqtisadiyyatının başlıca probleminin inflyasiya olduğunu vurğulayıb.

N. Turnavanın sözlərinə görə, hazırkı iqtisadi böyümə çətin keçən 2020-ci ilin zərərlərini neytrallaşdırır və aradan qaldırır, lakin 2022-ci ilin sonunadək 3-4%-lik inflyasiya göstəricisinə qayıdılması gözlənilir.

Gürcüstan Milli Bankı da inflyasiyanın 2022-ci ildə azalacağını və tədricən orta müddətli 3%-lik hədəf göstəricisinə yaxınlaşmağın mümkün olacağını proqnozlaşdırır.

Qeyd edək ki, noyabrda Gürcüstanda yaşayış minimumu əvvəlki ayla müqayisədə 0,5 lari azalaraq 223,7 lari (123 manat) təşkil edib. Qonşu ölkədə orta aylıq əməkhaqqı isə cari ilin üçüncü rübündə 1368,4 lari (754.06 manat) olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR