İvanişvili müəyyən qüvvələrin Gürcüstanı müharibəyə cəlb etməyə çalışdığını bildirib

Bidzina İvanişvili

© APA | Bidzina İvanişvili

# 27 iyul 2022 09:52 (UTC +04:00)

Müəyyən qüvvələr Gürcüstanı fəal şəkildə müharibəyə cəlb etməyə çalışıb.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın sabiq Baş naziri Bidzina İvanişvili yaydığı bəyanatında qeyd edib.

O bildirib ki, məsələ bu gün də aktualdır və hakim partiya böyük çətinliklərə baxmayaraq, düzgün işləyib və prinsipial mövqe tutaraq müharibə təhlükəsinin birinci mərhələsini aradan qaldırıb.

Bidzina İvanişvili qeyd edib ki, Ukraynada müharibə bitənə qədər müəyyən risklər qalacaq və həm hökumət, həm də ictimaiyyət son dərəcə diqqətli olmalıdır ki, Gürcüstan ölümcül müharibədən qaça bilsin.

Sabiq Baş nazir Ukraynada müharibə başlayandan sonra ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnanla görüşdüyünü bildirib. O, martın 21-də səfirin xahişi ilə baş tutmuş görüşün 3 saata yaxın davam etdiyini qeyd edib.

Qeyd edək ki, ABŞ səfiri Kelli Deqnan daha əvvəl Bidzina İvanişvili ilə görüşməsi ilə bağlı mediada yayılan məlumatları təkzib etmişdi.

Xatırladaq ki, 2012-ci ildə “Gürcü Arzusu” partiyasını təsis edən Bidzina İvanişvili 2012-2013-cü illərdə Gürcüstanın Baş naziri olub. O, 2013-cü ildə siyasətdən getdiyini açıqlasa da? 2018-ci ildə “Gürcü Arzusu” partiyasının sədri kimi siyasi fəaliyyətini davam etdirib. 4,8 milyard dollar sərvəti ilə Gürcüstanın ən zəngin iş adamı sayılan 66 yaşlı Bidzina İvanişvili “Forbes”ə görə dünya milyarderləri siyahısında 586-cı yerdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR