Kraliça ilə vida mərasimindən - REPORTAJ

# 16 sentyabr 2022 16:05 (UTC +04:00)

Londonun Southbank bölgəsindən yeriyə - yeriyə Vestminsterdəki Parlament binasına doğru irəliləyirəm. Axşamın soyuğunda insanlar paltolarına daha möhkəm bürünüblər, saatlarla ayaq üstündə dayandıqlarından üzlərindən yorğunluq hiss olunur. Bir qrup gənc vaxt keçsin deyə öz aralarında, sıraya nəzarət edən polislərlə, qabaqlarında dayanan digər insanlarla söhbətləşirlər. Onlar hamısı burada eyni məqsəd üçün növbəyə düzülüb. Kraliçanın cənazəsini görmək üçün... 70 ildir tanıdıqları monarxa sonuncu dəfə əlvida demək üçün.

Növbə isə olduqca uzundur, içəri keçmək ən azı 7-8 saat çəkir. Elə ona görə də ziyarətçilər hazırlıqlı gəliblər, əllərində yeməkləri, isti çayları ziyarətin uzun çəkəcəyini bilsələr də səbirlə gözləyirlər. Mən də eyni məqsədlə Parlament binasına doğru üz tuturam. Lakin mən onlardan fərqli olaraq saatlarla növbədə gözləməyəcəyəm, mətbuat nümayəndəsi olduğum üçün içəri keçib Kraliçanın cənazəsini ziyarət edə biləcəm.

Parlament binasına yaxınlaşdıqca izdiham böyüyür, növbədə dayanmayanlar bu tarixi anları ölümsüzləşdirmək üçün binanın qarşısında dayanıb foto çəkir, canlı yayım aparan jurnalistlərə, ya da elə növbədə dayananlara tamaşa edirlər.

Bir az da irəliləyəndən sonra növbənin önünü görə bilirəm. İnsanlar binaya daxil olmazdan öncə hava limanlarında olduğu kimi ciddi yoxlamadan keçirilirlər: hər hansı bir maye, iri ölçülü çanta və üzərində siyasi şüar və ifadələr yazılı geyimlərlə içəri keçmək qadağandır.

Bütün bu qaydalar, dəfn tərtibatı qısa müddət ərzində planlanıb deyə düşünə bilərsiniz. Lakin Kraliçanın ölümü ilə bağlı "London körpüsü əməliyyatı" adlanan planın təfərrüatları hələ 1960-cı illərdə tərtib olunub, indiyə qədər dəfələrlə yenidən işlənilib. Plana II Elizabetin ölümünün elanı, rəsmi matəm müddəti və dəfn mərasiminin təfərrüatları daxildir. Ona görə də, indi saatlarla növbə olmasına baxmayaraq, şəhərdə xaos yerinə sakitlik və nizam-intizam müşahidə olunur.

Mən də eyni yoxlanışdan keçərək Parlament binasına daxil oluram, işçilərdən biri mətbuat nümayəndələrinə qaydaları başa salır: telefondan istifadə, yüksəs səslə danışmaq qadağandır. Bir sıra digər qaydalar xatırladılır. Bundan sonra təxminən 8-9 dəqiqə bir otaqdan o birinə keçə-keçə Parlament binasının içində dolaşıram və nəhayət Kraliça II Elizabetin cənazəsinin olduğu tarixi Vestminster Zalına daxil oluram.

Budur! Britaniyanın ən vacib şəxslərindən birinin, krallığın ən uzun ömürlü monarxının cənazəsi qarşımda dayanıb. Tabutun üzərindəki İmperator dövlət tacı göz oxşayır. Bu tac Britaniya kralları və kraliçaları tərəfindən əsrlər boyu toplanmış on minlərlə qiymətli daşın qiymətsiz kolleksiyasıdır. 2868-i almaz, 273-ü mirvari, 11-i zümrüd və 5 yaqut olmaqla 3000-ə yaxın daş tacın üzərində ulduzlu qütb gecəsi kimi bərq vurur.

Bizi fotoqrafların olduğu platformaya aparırlar. Bir neçə dəqiqə keçməmiş, zalın girişi tərəfdən gurultu səsi yayılır. İstər-istəməz narahat oluruq. Lakin sən demə, cənazə mərasimində xidmət göstərən yaşlı xidmətçilərdən biri saatlarla ayaq üstə dayanmağa tab gətirə bilməyib, yıxılıb. Hazır dayanan tibb işçiləri dərhal ona ilk müdaxiləni edir, onu başqa otağa aparır. Bayaqdan media nümayəndələrini müşayiət edən nəzarətçi bizə yaxınlaşaraq yıxılan şəxsi çəkməməyi xahiş edir.

Lakin biz bu hadisəyə o qədər də diqqət ayırmırıq. Başqa bir mənzərə bizi özünə cəlb edir: Gözləri yaşlı qoca bir qadın Kraliçanın cənazəsi qarşısında baş əyir, sonra yanındakı cavan qıza bərk-bərk sarılaraq asta addımlarla zaldan çıxır. Bir neçə dəqiqə sonra cənazənin başında gözləyən mühafizəçilər növbə dəyişirlər. Nəzarətçi növbənin hər 20 dəqiqədən bir dəyişdiyini söyləyir.

Bir tərəfdən foto çəkir, bir tərəfdən də gələn-gedənlərə tamaşa edirəm. Zalda çox mənalı bir səssizlik hökm sürür. Ziyarətçilər sıra və xüsusi bir intizamla zala daxil olur, Kraliçanın cənazəsi önündə ehtiram nümayiş etdirib gedirlər. Soyuğa baxmayaraq üç-dörd dəqiqə çəkən ziyarət naminə saatlarla çöldə gözləyiblər; kimisi tarixi bir ana şahidlik etmək üçün, kimisi sadəcə maraq üçün, kimisi də 25 yaşından bu yana 70 il boyunca Birləşmiş Krallığı idarə etmiş Kraliçaya öz vəfa borcunu ödəmək üçün…

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR