Latviyanın sabiq Prezidenti: “Biz imkan verə bilmərik ki, ölkəmiz müharibə meydanına çevrilsin”

# 16 iyun 2022 16:43 (UTC +04:00)

“2008-ci il Rusiyanın Gürcüstana hücumu olana qədər Baltik regionunda heç bir hərbi infrastruktur, birləşmələr yox idi. Bu region sülh və sabitlik içində idi”.

Bunu IX Qlobal Bakı Forumunda iştirak edən Latviyanın keçmiş Prezidenti Valdis Zatlers APA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, lakin Rusiyanın Gürcüstana hücumu onlar üçün xəbərdarlıq siqnalı olub və bundan sonra hərbi sahədə addımlar atılıb:

“2014-cü ildə Krımın və Donbasın işğalı ilə bizə aydın oldu ki, atdığımız addımlar kifayət deyil. İndi NATO çərçivəsində 9 ölkədən Latviya ərazisində hərbçilər var. 24 fevraldan sonra bizim üçün müəyyən məsələlər daha da dəqiqləşdi. Onu da qeyd etmək istəyirəm ki, İsveç və Finlandiyanın NATO-ya qoşulması bizim üçün daha çox güc, təhlükəsizlik deməkdir”.

Sabiq Prezident Ukrayna lideri Zelenskinin əgər Rusiya dayandırılmasa, Ukraynadan sonra növbəti hədəfin Baltik ölkələri olması barədə fikrinə də münasibət bildirib.

“Ukrayna böyük ölkədir, lakin biz çox kiçiyik, ərazimiz balacadır. Biz imkan verə bilmərik ki, ölkəmiz, regionumuz müharibə meydanına çevrilsin. Bəziləri deyir ki, NATO Müqaviləsinin 5-ci maddəsi var. Buna görə də narahat olmamalıyıq, amma mən hər zaman deyirəm ki, bizim üçün vacib olan 4-cü maddədir. Yəni, bu təhlükə baş verməzdən qabaq, baş verməməsi üçün biz hər zaman müzakirələr aparmalıyıq”, - Zatlers vurğulayıb.

O qeyd edib ki, Ukrayna qalib gələnə qədər həm Baltik ölkələri, həm də qlobal ictimaiyyət bu ölkəyə dəstək verməyə davam edəcək: “Biz dayanıqlı həll yolu barədə düşünməliyik, hansı ki, bu həll yolu müharibənin Avropaya yenidən qayıtmasına, bizim münaqişə ilə yenidən üzləşməyimizə imkan verməyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR