Litva parlamenti Ukraynada törədilənləri soyqırımı kimi tanıyıb

Litva parlamenti Ukraynada törədilənləri soyqırımı kimi tanıyıb
# 10 may 2022 13:28 (UTC +04:00)

Litva Seymi Ukraynada törədilənləri soyqırımı kimi tanıyıb.

APA LRT-yə istinadən xəbər verir ki, qətnamənin lehinə 128 deputat səs verib, qətnamənin əleyhinə səs verən və bitərəf olmayıb.

Qətnamədə qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri və muzdluları Ukrayna ərazisində, xüsusən Buça, İrpin, Mariupol, Borodyanka və Hostomeldə kütləvi hərbi cinayətlər törədiblər.

“Seym Rusiya Federasiyasının Silahlı Qüvvələri və onun siyasi-hərbi rəhbərliyi tərəfindən Ukraynaya qarşı genişmiqyaslı silahlı təcavüzü – müharibəni [...] Ukrayna xalqına qarşı soyqırımı kimi tanıyır”, - qətnamədə qeyd olunub.

Sənəddə vurğulanıb ki, bütün günahkarlar məsuliyyətə cəlb edilməli və beynəlxalq ictimaiyyət Rusiyanın cinayətlərini araşdırmaq və qiymətləndirmək üçün Xüsusi Beynəlxalq Cinayət Tribunalını yaratmalıdır.

Parlament tribunalın beynəlxalq həbs qərarı vermək səlahiyyətinə malik olmasını və dövlət toxunulmazlığı və ya dövlət və hökumət başçılarının və digər dövlət məmurlarının toxunulmazlığı ilə məhdudlaşdırılmamasını tələb edir.

“Hərbi qüvvələri qəsdən və sistemli şəkildə mülki hədəfləri hədəfə alan Rusiya Federasiyası terrorizmi dəstəkləyən və həyata keçirən dövlətdir”, qətnamədə deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR