Litva Prezidenti: Ukraynanın NATO-ya üzvlüyü müharibədə qələbəsindən asılıdır

Litva Prezidenti Gitanas Nauseda

© APA | Litva Prezidenti Gitanas Nauseda

# 17 yanvar 2023 12:34 (UTC +04:00)

“Mən təsəvvür belə edə bilmərəm ki, Litvada bizim Ukraynaya dəstəyimizə etiraz edən hər hansı aksiya keçirilə bilər”.

APA xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda Davosda keçirilən Dünya İqtisadi Forumunda "Avropanın müdafiəsində" adlı panel müzakirələrində çıxışı zamanı deyib.

“Biz Aİ-də 27 ölkəyik və təbii ki, bu ölkələrin əhalilərinin, cəmiyyətlərin Ukraynada baş verənlərə nisbətən fərqli mövqeyi ola bilər.

Məsələn, biz reallığı gözardı edə bilmərik ki, Almaniya cəmiyyətinin bu müharibəyə yanaşması litvalılardan daha fərqlidir. Belə halda hökumətlər də məsuliyyətli olmalı, cəmiyyətlərini inandırmalı, qərar verməlidir.

Avropada bu müharibənin nəticələrinə gəlincə, məsələn, biz deyə bilərik ki, bu daha çox enerji resursları ilə bağlıdır, biz daha çox ödəyirik. Amma ukraynalılar bu müharibədə böyük qurbanlar verir, hər gün mülki insanlar həlak olur, bu, insan həyatı ilə bağlı məsələdir. Biz Ukraynaya dəstək məsələsində qərar vermədə qətiyyətli və sürətli olmalıyıq”, - Litva Prezidenti vurğulayıb.

Litva Prezidenti Ukraynanın NATO-ya nə zaman qoşulacağı ilə bağlı sualı cavablandırarkən hazırda bunu təxmin etməyin çətin olduğunu deyib: “Mən inanıram ki, gələcək illərdə Ukrayna NATO-ya qoşulacaq, biz bu istiqamətdə işləməliyik, lakin bu daha çox Ukraynanın bu müharibədə qələbəsindən asılıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR