Macarıstan parlamenti İsveç siyasətçilərini yalan danışmaqda ittiham edib

Macarıstan parlamenti İsveç siyasətçilərini yalan danışmaqda ittiham edib
# 07 mart 2023 15:26 (UTC +04:00)

Macarıstan parlamentinin deputatları İsveç parlamentindən olan həmkarları ilə görüşüb.

APA "Expressen" nəşrinə istinadən xəbər verir ki, görüş Macarıstan parlamentinin spikerinin müavinin Ksaba Hendenin rəhbərlik etdiyi nümayəndə heyətinin İsveçə səfəri çərçivəsində baş tutub.

Hendenin rəhbərlik etdiyi heyət bu gün İsveç Parlamentinin (Riksdaq) spikeri ilə görüşüb.

Görüşün səmimi və mehriban ortamda keçdiyini bildirən Macarıstan parlamentinin spikerinin müavini vurğulayıb ki, bu, tərəflər arasında yeni başlanğıca imkan verir: “Biz açıq şəkildə bildirdik ki, Macarıstan hökuməti, Prezidenti, Baş naziri və macar parlamentarilərinin əksəriyyəti İsveçin NATO-ya üzvlüyünü dəstəkləyir”.

Bununla belə, Hende əlavə edib ki, İsveç və Macarıstanın ikitərəfli münasibətlərini yaxşılaşdırmaq lazımdır. "Arzuolunandır ki, İsveç siyasətçiləri, hökumət nümayəndələri və Aİ Parlamentinin üzvləri tamamilə həqiqətə uyğun olmayan faktlara əsaslanaraq, bir ölkədə qanunun aliliyinin olmadığını göstərməsinlər və ya eyham etməsinlər", - deyə o bildirib.

"Macarıstanda qanunun aliliyi, LGBTQ hüquqları və media azadlığı ilə bağlı problemlər yoxdur?" sualına spikerin müavini: "Mən belə problemlər görmürəm, amma hər şeyi təbii ki, müzakirə etmək olar. Amma eyni zamanda siz yalan yaymamalısınız", - deyə cavab verib.

İsveç siyasətçilərinin Macarıstan haqqında yalanlar yayması ilə bağlı birbaşa suala Hende belə cavab verib: "Bəli, mən belə hesab edirəm".

Qeyd edək ki, İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü iki ölkə - Macarıstan və Türkiyə ratifikasiya etməyib. Macarıstan hökumətinin başçısı bildirib ki, parlamentin İsveçin üzvlüyü ilə bağlı müəyyən tərəddüdləri var.

Yerli mətbuat Macarıstan parlamentinin iki ölkənin NATO-ya üzvlüyü məsələsini mart ayının sonunda səsverməyə çıxaracağını yazır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR