Paris prokurorluğu cinayət məhkəməsindən Marin Le Penin ifrat sağçı partiyasının daxili siyasətlə bağlı işlərdə Avropa İttifaqının vəsaitlərini sui-istifadə etməsi ilə bağlı işə baxılmasını istəyib.
APA Bloobmerg-ə istinadən xəbər verir ki, bu barədə Paris prokurorluğunun ofisi məlumat yayıb.
Bəyanatda deyilir ki, prokurorluq Marin Le Pen və onun atası Jan-Mari Le Pen də daxil olmaqla "Milli Cəbhə" partiyasından (indiki "Milli Mitinq" adlanır) 11 avropalı deputatın (ümumilikdə isə 23 nəfərin) dövlət vəsaitindən sui-istifadə ittihamı ilə mühakimə olunmasını istəyir.
Paris prokurorluğu 2016-cı ilin dekabrında bu məsələ ilə bağlı araşdırma başladıb və bildirib ki, məqsəd "Milli Cəbhə"nin partiyada çalışan işçilərə maaş vermək üçün Avropa Parlamentinin köməkçiləri üçün nəzərdə tutulan puldan istifadə edib-etmədiyini müəyyən etmək olub.
Avropa Parlamentinin deputatlarına öz köməkçiləri də daxil olmaqla xərcləri ödəmək üçün vəsait ayrılır, lakin bu vəsaitdən partiya xərcləri üçün istifadə etmək nəzərdə tutulmur.