Miçotakis Türkiyə ilə dialoqun tərəfdarıdır

Miçotakis Türkiyə ilə dialoqun tərəfdarıdır
# 25 may 2022 14:16 (UTC +04:00)

“Biz qonşuyuq, biz hər zaman danışmalıyıq və hər zaman kommunikasiya kanallarının açıq olmasını istəyirik”.

APA xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Miçotakis Davosda Dünya İqtisadi Forumunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın onunla danışmaqdan imtina etməsinə münasibət bildirərkən deyib.

Miçotakis buna bənzər vəziyyətin hələ 2020-ci ilin martında, miqrasiya böhranı vaxtı yaşandığını bildirib: “O zaman da Türkiyə Prezidenti Ərdoğan mənimlə danışmaq istəməmişdi. İndi də eyni vəziyyətdir. Ola bilər ki, fikrini dəyişər”.

Yunanıstan Baş naziri əlavə edib ki, Yunanıstanın suverenliyini və suveren hüquqlarını müdafiə edəcək.

Kiriakos Miçotakis iki ay öncə İstanbulda Türkiyə Prezidenti ilə görüşünü xatırladıb və həmin görüşü yaxşı qiymətləndirib. O, bununla belə bir neçə ay sonra yunan adaları üzərində Türkiyədən çox sayda uçuşların qeydə alındığını vurğulayıb. Yunan Baş nazir əlavə edib ki, imkanı olduqca bu məsələni gündəmə gətirəcək.

Kiriakos Miçotakis Türkiyəyə Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı da çağırış edib: “İndi həmrəylik zamanıdır. NATO güclü olmalıdır”.

Qeyd edək ki, Ərdoğan Yunanıstanın Baş naziri ilə danışmaqdan imtina edib. O bildirib ki, Yunanıstanın baş naziri Kiriakos Miçotakis ilə görüşü zamanı ölkələr arasında münasibətlərə üçüncü tərəflərin müdaxiləsinə icazə verməməklə bağlı razılığa gəliblər. Lakin buna baxmayaraq, keçən həftə Miçotakis ABŞ Senatında Türkiyəyə qarşı danışaraq, “F-16”-ları Türkiyəyə satmamağa çağırış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR