NATO Baş katibi: Türkiyənin Finlandiya ilə bağlı qərarını alqışlayıram

NATO Baş katibi: Türkiyənin Finlandiya ilə bağlı qərarını alqışlayıram
# 17 mart 2023 19:19 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberq Türkiyənin Finlandiyanın ratifikasiya prosesini başlatmasına münasibət bildirib.

APA xəbər verir ki, NATO Baş katibi bununla bağlı bəyanat yayıb.

"Mən Türkiyənin Finlandiyanın NATO-ya üzvlüyünün ratifikasiyası ilə bağlı bugünkü qərarını alqışlayıram. Bu, Finlandiyanın təhlükəsizliyini, İsveçin təhlükəsizliyini və NATO-nun təhlükəsizliyini gücləndirəcək. Ümid edirəm ki, Türkiyə Böyük Millət Məclisi ən qısa zamanda ratifikasiya prosesini tamamlayacaq".

NATO Baş katibi bəyanatında bildirib ki, ötən ilin iyun ayında Madriddə keçirilən NATO Sammitində bütün müttəfiqlər Finlandiya və İsveçi ittifaqa qoşulmağa dəvət etmək barədə tarixi qərar qəbul etdilər. "O vaxtdan bəri biz NATO-nun müasir tarixində ən sürətli ratifikasiya prosesinin şahidi olduq. Təhlükəsizliyimiz üçün kritik bir zamanda bu, ittifaqımızı daha güclü və təhlükəsiz edəcək", Stoltenberq vurğulayıb.

Bir müddət əvvəl Türkiyəyə səfərini və prezident Ərdoğanla görüşünü xatırladan Stoltenberq bildirib ki, Türkiyə Prezidenti ilə NATO-nun mənzil-qərargahında Türkiyə, Finlandiya və İsveçin görüşünün keçirilməsi barədə razılığa gəliblər: "Keçən həftə keçirilən görüşdə hamı etiraf etdi ki, Madriddə imzalanmış üçtərəfli memorandumun həyata keçirilməsində xeyli irəliləyiş əldə olunub və Finlandiya və İsveç üçün sürətli ratifikasiya hamının marağındadır. Ən əsası odur ki, həm Finlandiya, həm də İsveçin NATO-ya eyni vaxtda daxil olub-olmaması deyil, tez bir zamanda tamhüquqlu üzv olmasıdır. Keçən il həm Finlandiyanı, həm də İsveçi dəvət etmək qərarı onların NATO ilə əlaqələrini əsaslı şəkildə gücləndirdi. Nəticədə onların təhlükəsizliyi xeyli artıb".

Stoltenberq deyib ki, bu iki ölkə NATO masası ətrafında oturur, alyansın siyasi və hərbi strukturlarına inteqrasiya edir, müttəfiqlərlə daha çox təlimlərdə iştirak edirlər: "Hər iki ölkə bir çox NATO ölkələrindən, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya və Fransadan ikitərəfli təhlükəsizlik zəmanəti alıb. Beləliklə, Finlandiya, İsveç hücuma məruz qalsa, NATO-nun cavab verməyəcəyi məntiqsizdir. Onların təhlükəsizliyi NATO üçün vacibdir. Mən üzvlük prosesinin tezliklə başa çatmasını və həm Finlandiyanı, həm də İsveçi NATO ailəsinə ən qısa zamanda tamhüquqlu üzv kimi qəbul etməyi səbirsizliklə gözləyirəm".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR