NATO İsveç və Finlandiyaya üzvlüyə keçid dövrü üçün təhlükəsizlik zəmanəti verəcək

Yens Stoltenberq

© APA | Yens Stoltenberq

# 28 aprel 2022 12:55 (UTC +04:00)

“NATO-ya üzvlüklə bağlı müraciət qərarını Finlandiya və İsveç hər biri özü verəcək və əgər onlar qərar versə ki, üzvlük üçün müraciət edirlər, o zaman NATO bu ölkələrə qucaq açacaq".

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Avropa Parlamentinin Prezidenti ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Stoltenberq bildirib ki, bu iki ölkə NATO-nun ən yaxın tərəfdaşlarıdır: “Bu ölkələrin güclü demokratik institutları var, Avropa İttifaqının üzvləridir. Bu ölkələrlə bizim illər boyu səmərəli əməkdaşlığımız olub və davam edir. Biz bilirik ki, Finlandiya və İsveçin hərbi qüvvələri NATO standartlarına uyğundur, bizim bu ölkələrlə birgə təlimlərimiz keçirilib, müxtəlif missiya və əməliyyatlarda iştirak etmişik. Əgər onlar üzvlük üçün müraciət etsə, NATO bunu xoş qarşılayacaq. Mən ümid edirəm ki, üzvlüyə qəbulla bağlı proses də sürətlə reallaşacaq və formal proses tamamlandıqdan sonra onlar NATO-nun üzvü olacaqlar”, - Baş katib bildirib.

Üzvlüyə qəbul olunma ilə bağlı proses müddətində NATO-nun İsveç və Finlandiyaya necə bir təhlükəsizlik zəmanəti verəcəyi ilə bağlı sualı cavablandıran Stoltenberq qeyd edib ki, NATO-nun bu ölkələri qəbul etməyə hazır olduğunu bəyan etməsi güclü siyasi mesaj verir.

“Bu o deməkdir ki, Finlandiya və İsveçin təhlükəsizliyi NATO müttəfiqləri üçün əhəmiyyətlidir və məna kəsb edir. Əminəm ki, əgər bu proses başlayarsa, üzvlüklə bağlı 30 ölkənin parlamentlərinin bu müraciətlə bağlı sənədləri ratifikasiya edəcəyi müddətə qədər, yəni keçid dövründə bu iki ölkənin təhlükəsizliyinin təminatı ilə bağlı müəyyən mexanizm barədə razılaşma əldə oluna bilər”, - Stoltenberq əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR