NATO ölkələri Türkiyənin "Taxıl sazişi" üzrə oynadığı rolu təqdir edir

NATO ölkələri Türkiyənin "Taxıl sazişi" üzrə oynadığı rolu təqdir edir
# 21 noyabr 2022 14:59 (UTC +04:00)

“Taxıl sazişi”nin əldə olunmasında Türkiyənin rolu ilə bağlı mən artıq Türkiyə hökumətinə təşəkkür etmişəm. Mən bir müddət öncə Türkiyəyə səfər etmişdim.

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq NATO Parlament Assambleyasının Madriddə keçirilən 68-ci sessiyasında parlamentarilərin suallarını cavablandırarkən deyib.

“Bu sazişin əldə olunmasına və xüsusilə bu günlərdə onun uzadılması ilə bağlı Türkiyənin oynadığı rola görə təşəkkür edirik. Mən Türkiyədə səfərdə olarkən bu gəmilərin Bosfor boğazından keçməsini də gördüm. Bu sazişin uzadılması və Ukrayna taxılının ixracı çox vacibdir. Bu, qlobal ərzaq təhlükəsizliyinə və ərzaq qiymətlərinə təsir edir”, - NATO Baş katibi bildirib.

O deyib ki, bu sazişin vacibliyi artıq sübut olunub və bu davam etməlidir.

Stoltenberq Ukrayna və Rusiya arasında hərbi əsirlərin mübadiləsində Türkiyənin roluna da toxunub və NATO ölkələrinin də buna görə Türkiyəyə təşəkkür etdiyini deyib: “Biz Türkiyənin prosesdəki rolunu təqdir etdik”.

Yens Stoltenberq Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli memoranduma da toxunub. O deyib ki, artıq İsveç və Finlandiyanı üzv kimi qəbul etmək vaxtıdır: “Mən bu iki ölkəyə də hər zaman öz mesajımı çatdırmışam ki, onlar terrorla mübarizədə Türkiyə ilə əməkdaşlıq etsinlər və bu uzun müddətli strategiya olsun. Bu faktdır ki, Türkiyə Alyansın terrordan ən çox zərər çəkən üzvüdür. Bu günlərdə biz İstanbulda insan tələfatına səbəb olan terror aktına şahid olduq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR