Polşa Baş naziri: “Elə müqavilə bağlamalıyıq ki, Rusiya bir daha Avropada sülhü təhdid etməsin”

Polşa Baş nazir Mateuş Moravietski

© APA | Polşa Baş nazir Mateuş Moravietski

# 19 may 2022 12:45 (UTC +04:00)

“İllər ərzində Polşa müttəfiqlərinə xəbərdarlıq edib ki, Rusiya öz imperiya istəklərini maliyyələşdirmək üçün neft və qazdan asılılığından istifadə edə bilər”.

APA xəbər verir ki, bunu Polşa Baş naziri Mateuş Moravietski Polşa Beynəlxalq Münasibətlər İnstitutunun konfransında deyib.

“Polşa Rusiyanın niyyəti ilə bağlı xəbərdarlığında haqlı idi. Xoşbəxtlikdən biz öz strategiyamızı həyata keçirdik və Rusiyanın həmişə etibarlı tərəfdaş olacağına inanmadıq. Biz enerji mənbələrimizi şaxələndirməyə nail olmuşuq və indi bütün regiona kömək edə bilərik”, - Polşa Baş naziri vurğulayıb.

O diqqətə çatdırıb ki, bu gün Avropanın ürəyi həm də Ukraynada, Baltikyanı ölkələrdə, Mərkəzi və Şərqi Avropada döyünür.

Baş nazir deyib ki, onun ölkəsi digərlərindən fərqli olaraq xəbərdarlıq siqnallarına diqqət verir, çünki Polşa müharibənin vəhşilikləri ilə tez-tez üzləşib: “Birgə, həmrəy olacağımız halda biz Rusiyadan qat-qat güclüyük. Prezident Putin bilir ki, Qərbi məğlub etmək üçün onu parçalamaq lazımdır. Ona görə də biz bir olmalıyıq. Rusiya geosiyasi sistemə hücum etdiyinə görə siyasi yollarla cəzalandırılmalıdır”.

Polşa hökumətinin başçısı qeyd edib ki, Mariupoldakı, Buçadakı qətllər - bütün bunlar onları geosiyasi yuxudan ayıltmalı və köhnə illüziyaları rədd etmələrinə səbəb olmalıdır: “Amma bu kifayətdirmi? Mən eşidirəm ki, Putinə təhlükəsiz yer tapmağa və beynəlxalq arenada onun simasını qorumağa cəhdlər edilir. Baş verənlərdən sonra siz necə belə bir şey deyə bilərsiniz?!"

Baş nazir Moravietski bildirib ki, indi Ukrayna uğrunda gedən döyüşlər gələcək 100 il üçün qlobal siyasətin gələcəyini müəyyən edə bilər.

“Mən hamını Rusiya Prezidentini təcrid etməyə çağırıram.

Unutmamalıyıq ki, müharibədə qalib gəlmək kifayət deyil - biz sülhü də itirməməliyik. Biz elə bir müqavilə bağlamalıyıq ki, Rusiya bir daha Avropada sülhü təhdid etməsin. İmperializm üzərində qələbə bizim kollektiv nailiyyətimiz olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR