Prezident və Baş nazir Finlandiyanın NATO-ya üzvlüyünü dəstəkləyib - YENİLƏNİB

Sanna Marin, Sauli Niinistö

© APA | Sanna Marin, Sauli Niinistö

# 12 may 2022 11:19 (UTC +04:00)

Finlandiya Prezidenti və Baş naziri ölkənin NATO-ya üzvlüyünü dəstəkləyib.

APA xəbər verir ki, Prezident Sauli Niinistö Baş nazir Sanna Marinlə birgə bəyanatında ölkəsinin NATO-ya üzvlüklə bağlı müraciət etməli olduğunu bəyan edib.

Bəyanatda bildirilib ki, son aylarda Finlandiyanın NATO-ya mümkün üzvlüyü ilə bağlı vacib müzakirələr gedib.

“Parlamentə və Finlandiya cəmiyyətinə müəyyən zaman lazım oldu ki, bu məsələ ilə bağlı mövqe formalaşdırsınlar. Həmçinin, NATO müttəfiqləri və beynəlxalq tərəfdaşlarla, İsveçlə yaxın müzakirələrin keçirilməsi zaman tələb etdi. Biz bu məsələnin müzakirəsi üçün lazımi zaman verdik.

İndi qərar vermə anı yaxındır və biz parlament qrupları və partiyalar üçün bəyan edirik ki, bu məsələ ilə bağlı eyni yanaşmanı bölüşürük. NATO-ya üzvlük Finlandiyanın təhlükəsizliyini gücləndirəcək. NATO üzvü kimi Finlandiya bütün alyansın müdafiəsini gücləndirəcək. Finlandiya gecikmədən alyansa üzvlük üçün müraciət etməlidir. Biz ümid edirik ki, bu qərarın reallaşması üçün milli addımlar yaxın günlər ərzində sürətlə atılacaq”, - Niinistö və Marinin birgə bəyanatında qeyd olunub.

Qeyd edək ki, Rusiya ilə 1 300 kilometr uzunluğunda sərhədi olan Finlandiya Ukraynada müharibədən öncə şərq qonşusu ilə münasibətləri qorumaq məqsədi ilə NATO-dan kənarda qalmağa üstünlük verirdi.

***

03:59

Finlandiya Örezidenti Sauli Niinistö və Baş nazir Sanna Marin cümə axşamı ölkənin NATO-ya üzvlüyü ilə bağlı mövqelərini açıqlayacaqlar.

APA xəbər verir ki, bu barədə yerli "YLE" telekanalı dövlət başçısının dəftərxanasına istinadla xəbər verib.

Qeyd olunur ki, onların məsələ ilə bağlı münasibətini əks etdirən məlumat 12 may yerli vaxtla 10:00 açıqlanacaq.

Marin daha əvvəl Yaponiyanın NHK telekanalına müsahibəsində bildirmişdi ki, Finlandiya hakimiyyəti bir həftə ərzində ölkənin NATO-ya mümkün daxil olması ilə bağlı qərar verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR