Stoltenberq: Rusiyanın NATO müttəfiqlərinə hücum planlaşdırdığına dair işarə yoxdur

Yens Stoltenberq

© APA | Yens Stoltenberq

# 16 noyabr 2022 17:24 (UTC +04:00)

“Rusiya Prezidenti Vladimir Putinin məsuliyyət daşıdığı Ukraynadakı müharibə təhlükəli vəziyyət yaratmağa davam edir”.

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Polşaya endirilən raket zərbəsi ilə bağlı fövqəladə iclasdan sonra mətbuat konfransında deyib.

“Rusiya Ukraynanın vacib mülki infrastrukturunu, şəhərlərini vurmağa davam edir və bu təhlükəli vəziyyətdir, eyni zamanda, bu müharibənin NATO üçün də nəticələri meydana çıxır”, - NATO Baş katibi bildirib.

Onun sözlərinə görə, bu gün keçiriləcək Ukraynaya Yardım üzrə Təmas Qrupunun iclasında hərbi yardım müzakirə olunacaq: “Bir neçə həftə öncədən Rusiya mülki əhaliyə, şəhərlərə dayanmadan zərbələr endirməyə başlayıb. Mən müttəfiq ölkələrin Ukraynaya hava hücumundan müdafiə sistemlərini verməsini alqışlayıram. İspaniya, İsveç artıq bunu elan edib. Biz Ukraynaya havadan müdafiə sistemləri ilə bağlı əlavə dəstək üzərində işləyirik. Bizim dronlar, ballistik raketlər, qanadlı raketlərdən müdafiə üçün müxtəlif sistemlərə ehtiyacımız var”.

NATO Baş katibi alyansın şərq cinahında təhlükəsizlik vəziyyəti barədə də danışıb. Stoltenberq vurğulayıb ki, onlar vəziyyəti diqqətdə saxlayır və davamlı qiymətləndirmələr aparır: “Həmin istiqamətdə quru, hava və dəniz qüvvələrinin sayını əhəmiyyətli dərəcədə artırmışıq. Eyni zamanda, bizim əlimizdə işarə yoxdur ki, bu insident NATO ərazisinə məqsədli hücumun nəticəsidir. Həmçinin Rusiyanın NATO müttəfiqlərinə qarşı hərbi hücum əməliyyatını planlaşdırması ilə bağlı işarə də yoxdur. Baş verənlər diqqətli olmağın, ayıq-sayıq olmağın və qüvvələrin həmin cinahlarda yerləşdirilməsinin vacibliyini bir daha göstərdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR