Stoltenberq yaxın zamanlarda Türkiyəyə səfər edəcək - YENİLƏNİB

Stoltenberq yaxın zamanlarda Türkiyəyə səfər edəcək - YENİLƏNİB
# 01 iyun 2023 12:26 (UTC +04:00)

NATO-num Baş katibi Yens Stoltenberq Türkiyəyə səfəri zamanı Rəcəb Tayyib Ərdoğanla İsveçin təşkilata üzvlüyünü müzakirə edəcək.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, o, səfərin yaxın zamanda baş tutacağını bildirib.

“Mənim mesajım bu olacaq ki, İsveçin NATO-ya üzvlüyü özü üçün olduğu kimi, Skandinaviya ölkələri, Baltikyanı region üçün də faydalıdır, həm də bütün NATO və təbii ki, Türkiyə və digər müttəfiqlər üçün. Onu da vurğulayacağam ki, bu gündən, iyunun 1-dən İsveçdə yeni antiterror qanunu qüvvəyə minib. Bu qanunlar əslində fərq yaradır. Bu onu göstərir ki, İsveç hazırda terrorizmlə mübarizəni gücləndirmək üçün yeni addımlar atır. Buna görə də, mən İsveçdə iyunun 1-də qüvvəyə minən həm daha güclü qanunvericiliyi, həm də İsveçlə Türkiyə arasında əməkdaşlığın güclənməsini alqışlayıram. Bu həm də İsveçin Madriddə imzalanmış bu Üçlü Memorandumdan irəli gələn öhdəliklərini yerinə yetirdiyinin sübutu olacaq”, - deyə o vurğulayıb.

O, həmçinin əlavə edib ki, Türkiyənin təhlükəsizlik narahatlıqları qanuni və təbiidir: “Çünki heç bir müttəfiq Türkiyə qədər terror hücumuna məruz qalmamışdır. Bu səbəbdən terrorun hər növünə qarşı Türkiyə ilə birlikdə çalışmamız vacibdir. Buna görə də mən NATO müttəfiqlərinin etdiklərini, eləcə də İsveçin ötən ay terrorla mübarizəni və Türkiyə ilə əməkdaşlığı sürətləndirmək üçün etdiklərini alqışlayıram. Əminəm ki, İsveçin üzvlük protokolu tezliklə ratifikasiya olunacaq”.

***

10:33

NATO Baş katibi Yens Stoltenberq yaxın zamanlarda Türkiyəyə səfər edəcək.

APA TRT Haber-ə istinadən xəbər verir ki, səfər çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanla görüş keçiriləcək.

Görüşdə əsas mövzu İsveçin NATO-ya üzvlüyü məsələsi olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR