Ukrayna ABŞ-dan aylıq 2 milyard dollar yardım istəyib

Ukrayna ABŞ-dan aylıq 2 milyard dollar yardım istəyib
# 26 aprel 2022 08:35 (UTC +04:00)

Kiyev ABŞ administrasiyasından ayda ən azı 2 milyard dollar həcmində təcili iqtisadi yardım istəyir.

APA xəbər verir ki, bu barədə “Washington Post” qəzeti Ukraynanın maliyyə naziri Sergey Marçenkoya istinadən məqalə dərc edib.

Bildirir ki, vəsait olmasa Ukraynanın humanitar böhranı daha da pisləşə bilər.

“Biz bu müharibədə qalib gəlmək və bu boşluğu dərhal doldurmaq üçün lazımi maliyyəni cəlb etmək istəyirik”, - deyə nazir nəşrə müsahibəsində deyib.

Onun sözlərinə görə, iqtisadi dəstək lazımdır ki, dövlət pensiyaları, səhiyyə və təhsil işçilərinə maaşları ödəyə bilsin.

“The Washington Post” qəzetinin yazdığına görə, Marçenko Vaşinqtona səfəri zamanı ABŞ rəsmiləri ilə keçirdiyi görüşlərdə Kiyevin aprel, may və iyun aylarında təcili xərclərini ödəmək üçün ayda ən azı 5 milyard dollar beynəlxalq yardıma ehtiyacı olduğunu bildirib.

Bundan əlavə, gələcəkdə ölkənin yenidən qurulması üçün daha uzunmüddətli ehtiyaclarla bağlı əlavə müraciət gözlənilir.

Ötən həftənin sonunda ABŞ Prezidenti Co Bayden Vaşinqtonun Kiyevə əlavə 500 milyon dollarlıq iqtisadi yardım edəcəyini bildirmişdir. Amerika lideri aydınlaşdırıb ki, bu vəsaitlər Kiyevə iqtisadiyyatı sabitləşdirmək, maaşları vermək və əhalini lazımi xidmətlərlə təmin etmək üçün verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR