Ukrayna Ordusu Xarkov istiqamətində 20-dən çox yaşayış məntəqəsini azad edib

Ukrayna Ordusu Xarkov istiqamətində 20-dən çox yaşayış məntəqəsini azad edib
# 08 sentyabr 2022 17:16 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində 20-dən çox yaşayış məntəqəsini Rusiya qüvvələrindən azad edib.

APA "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Oleksiy Qromov brifinq zamanı bildirib.

“Bu həftənin əvvəlindən Ukrayna Silahlı Qüvvələri Milli Qvardiyanın bölmələri və digər təhlükəsizlik qüvvələri ilə birgə müəyyən istiqamətlər üzrə aktiv əməliyyatlar həyata keçirir. Xarkov istiqamətində aktiv əməliyyatların aparılması zamanı 20-dən çox yaşayış məntəqəsi azad edilib. Kramatorsk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin bölmələri taktiki mövqelərini təkmilləşdirərək iki kilometr dərinliyə qədər irəliləyib. Slavyansk istiqamətində hücum əməliyyatları zamanı 103-cü Əlahiddə Ərazi Müdafiə Briqadasının bölmələri Ukrayna Milli Qvardiyasının 15-ci alayının bölmələri ilə birlikdə üç kilometrə qədər irəliləyərək Ozernое kəndini azad ediblər”, - Qromov deyib.

Onun sözlərinə görə, müdafiə qüvvələri Xerson istiqamətində aktiv əməliyyatları davam etdirir, cəbhə xətti boyunca mövqeləri yaxşılaşdırmaq məqsədi ilə döyüşlər aparır. Bölgədəki Rusiya qüvvələrinin ruhdan düşsə də müqaviməti davam etdirdiyi bildirilir: “Ümumiyyətlə, ayrı-ayrı istiqamətlərdə bölmələrimiz düşmənin müdafiəsinə iki kilometrdən bir neçə on kilometrə qədər dərinlikdə irəliləyib. Bir sıra yaşayış məntəqələri azad edilib. Xarkov və Cənubi-Buq istiqamətində Ukraynanın nəzarətinə qaytarılan ərazinin ümumi sahəsi 700 kv.km-dən çoxdur”, - Qromov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR