Ukrayna XİN rəhbəri Kissincerə cavab verib

Ukrayna xarici işlər naziri Dmitri Kuleba

© APA | Ukrayna xarici işlər naziri Dmitri Kuleba

# 25 may 2022 15:06 (UTC +04:00)

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Henri Kissincerin Ukrayna və Rusiya arasındakı müharibə ilə bağlı fikrinə münasibət bildirib.

APA xəbər verir ki, Kuleba Davosda müzakirələr zamanı bunu Kissincerin şəxsi fikri adlandırıb.

“Bu, Kissincerin şəxsi fikridir, o, nə istəyir düşünə bilər. Onun fikri Ukrayna mediasında, sosial mediada geniş müzakirələrə səbəb olub. Ancaq mən şəxsən onun bu fikrini oxuyanda, məsələni o qədər də şişirtmədim. Henri Kissincer Henri Kissincerdir və fikrində sərbəstdir. Lakin mən düşünmürəm ki, bu müharibə iki ayda bitə bilər, çünki biz Rusiyanın bu müharibəni bitirmək istəyini görmürük. Lakin kim Putini sakitləşdirmək üçün Ukraynanın daha bir güzəştə getməli olduğunu düşünürsə, mənim onlara bir cavabım var: 2014-cü ildən 2022-ci ilin fevralın 24-nə qədərki strategiya dünyanın aparıcı liderlərinin strategiyası idi: "Burda güzəşt edin, orada güzəşt edin və bu güzəştlər müharibənin qarşısını alacaq". Bu strategiya uğursuzluğa düçar oldu. 8 illik bu yanaşma Kiyevin bombalanmasına, Donbasda qanın su yerinə axmasına gətirib çıxardı. Mən başa düşürəm ki, siyasətçilər üçün səhvlərini və siyasətlərinin uğursuzluğunu qəbul etmək çətindir. Ancaq mənim onlara bir mesajım var: Bu siyasət bir dəfə uğursuz oldu və yenə uğursuz olacaq, müharibəni dayandırmayacaq. Əgər siz həqiqətən müharibənin dayanmasını istəyirsinizsə o zaman Ukraynanın yanında olmalı, bizim qalib gəlməyimizə yardım etməlisiniz”.

Nazir bəzi ölkələrin Ukraynaya Rusiyaya güzəştə getməyi təklif etməsinə də münasibət bildirib: “Təsəvvür etmək çətindir ki, Soveti İttifaqının İkinci Dünya müharibəsindəki müttəfiqləri ABŞ və Britaniya görüşür və təklif edirlər: "Görürsünüz cəbhədə vəziyyət ağırdır və biz gərək Hitlerlə təmas quraq və ona saziş təklif edək. Bəlkə də bəzi güzəştlər təklif etməliyik ki, onu dayandıraq". Tarixdə belə hallar var ki, onun üçün bu təklif olunan strategiya işləmir. Belə olan halda ən yaxşı yanaşma odur ki, biz digərlərinə qarşı da təhdid və təhlükə yaradan gücə qarşı mübarizə aparan ölkənin yanında dayanırıq”.

Xatırladaq ki, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer mayın 24-də Davos Dünya İqtisadi Forumunda çıxışı zamanı müharibənin bitməsi üçün Ukraynanın bəzi əraziləri Rusiyaya güzəştə getməli olduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR