Ukrayna XİN rəhbəri: “Rusiya qoşunları böyük hərbi əməliyyata hazır dayanıb”

Dmitri Kuleba

© APA | Dmitri Kuleba

# 13 yanvar 2022 18:56 (UTC +04:00)

“Rusiyanın qeyri-qanuni tələblərinin rədd edilməsində ABŞ, NATO və Aİ-nin nümayiş etdirdiyi sarsılmaz birliyi alqışlayırıq”.

APA-nın xəbərinə görə, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ABŞ-Rusiya və NATO-Rusiya arasında keçirilən görüşlərə münasibət bildirərkən deyib.

“Rusiyanın Ukraynaya qarşı veto hüququndan istifadə etmək cəhdi Ukraynanın suverenliyinə və NATO-ya üzv olmaq hüququna xələl gətirir. Bu məsələ üçüncü tərəflər arasında danışıqlar mövzusu ola bilməz”, - ukraynalı nazir bildirib.

O, ölkəsinin NATO ilə əlaqələrini daha da inkişaf etdirməyi, həmçinin təhlükəsizlik və müdafiə sektorlarında islahatlar aparmaq və Ukraynanın özünü Rusiyanın təcavüzündən müdafiə etmək imkanlarını gücləndirməyi səbirsizliklə gözlədiyini vurğulayıb. Nazir bu ilin iyun ayında Madriddə keçiriləcək NATO Sammitinin alyansın əsas prinsiplərini, həmçinin açıq qapı siyasətini dəstəkləmək öhdəliyini gücləndirəcəyinə ümid etdiyin qeyd edib: “Beynəlxalq ictimaiyyət Ukraynanın iştirakı olmadan Ukrayna ilə bağlı qərarın verilməyəcəyini bir daha təsdiqlədi. Ukraynada təhlükəsizlik olmasa, Avropanın da təhlükəsizliyi təmin olunmayacaq. İndi ən həlledici an gəlir. Rusiya rəsmilərinin Rusiyanın Ukraynanı yenidən işğal etmək planının olmadığı barədə bəyanatları beynəlxalq ictimaiyyəti çaşdırmamalıdır. Faktlar öz sözünü deyir: Rusiya Ukrayna sərhədləri boyunca və müvəqqəti olaraq Ukraynanın işğal olunmuş ərazilərində qoşunları, tankları, artilleriya sistemləri, hava və dəniz birləşmələrindən ibarət armadasını gücləndirməkdə davam edir. 106 mindən çox yaxşı təlim keçmiş nizami qoşun, 1500 tank, 3600 zirehli döyüş maşını və 1900 artilleriya qüvvəsi böyük hərbi əməliyyata hazır dayanıb”.

Ukraynanın XİN başçısı bildirib ki, yanvarın 12-də Rusiya 3000-ə yaxın hərbçinin iştirakı ilə Ukrayna sərhədlərində hərbi təlim keçirmək qərarına gəlib: “Rusiyanın Ukraynada yeni işğalının nəticələri Avropa üçün dağıdıcı olacaq. Ən pis ssenaridən qaçmaq üçün qətiyyətli tədbirlərə ehtiyac var. Beynəlxalq ictimaiyyət Rusiyanı gələcək təcavüzdən çəkindirmək üçün kompleks tədbirlər paketinin yaradılması üzrə işi sürətləndirməlidir”.

Nazir Kuleba deyib ki, Ukrayna Fransa və Almaniya ilə Normandiya Formatında və Üçtərəfli Əlaqə Qrupu çərçivəsində dialoqu canlandırmaq üçün Rusiya ilə əlaqələrini davam etdirəcək: “Biz Rusiya ilə münaqişənin sülh yolu ilə həlli üçün bütün məsələləri istər dörd dövlət səviyyəsində, istərsə də ikitərəfli səviyyədə, habelə prezidentlər səviyyəsində müzakirə etməyə hazırıq. Avropada təhlükəsizliklə bağlı müzakirələrin başlanğıc nöqtəsi Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünə son qoyması, müharibə məntiqindən əl çəkməsi və Minsk razılaşmaları və 2019-cu il Paris Normandiya Sammitinin razılaşmaları üzrə öhdəliklərini yerinə yetirməsi ilə başlamalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR