Ursula von der Leyen Avropa ordusunun yaradılması ideyasını dəstəkləyir

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen

© APA | Avropa Komissiyasının prezidenti Ursula von der Leyen

# 06 iyun 2023 17:53 (UTC +04:00)

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Avropa ordusu ideyasını dəstəklədiyini bildirib.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti WDR-in təşkil etdiyi "Avropa Forumu"nda müzakirə zamanı deyib.

Ursula von der Leyen xatırladıb ki, Aİ-yə üzv dövlətlərin əksəriyyəti NATO-nun üzvüdür: "Nə yaxşı ki, NATO var. Amma NATO hər yerdə deyil. Həm də elə ssenarilər ola bilər ki, Avropa İttifaqının hərəkətinə ehtiyac ola bilər və belə halda biz fəal hərəkət etməyi bacarmalıyıq".

Siyasətçi "Aİ ordusunun yaradılmasına tərəfdardırmı?" sualına isə belə cavab verib: "Mən bunu tam dəstəkləyirəm. Amma ən böyük çətinlik belə bir ordudan istifadə qərarı ilə bağlıdır. Bu məsələ ilə bağlı hələ də çox müzakirələr getməlidir".

Avropa Komissiyasının Prezidenti belə qərarların “həm Avropa səviyyəsində, həm də milli səviyyədə” qəbul edilməli olduğunu vurğulayaraq “çünki bu bəzən həyat və ölüm məsələsidir” deyə bildirib.

“Ancaq ümumilikdə bu məsələ ilə bağlı düşüncələri saflaşdırmaq, dərinləşdirmək lazımdır, amma istiqamət düzgündür”, - Ursula von der Leyen deyib.

Almaniya Kansleri Olaf Şolts Avropa İttifaqı ordusu ideyası ilə bağlı ehtiyatlı olduğunu bildirib. “Biz ilk növbədə indi qarşımızda duran məsələləri, bizdən gözlənilənləri etməliyik. İlk növbədə, silah istehsalı sahəsində Avropa əməkdaşlığını gücləndirmək lazımdır. Bundan əlavə, Avropada təhlükəsizlik yalnız transatlantik əməkdaşlıq vasitəsilə təmin edilə bilər”, - Şolts NATO ilə bağlı vurğulayıb. O, transatlantik əməkdaşlığın və NATO-nun gücləndirilməsindən vacib olduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR