Gürcüstanın yeni hökuməti sabiq baş nazir Vano Merabişvilini saxta pasportdan istifadə etməkdə günahlandırır

 Gürcüstanın yeni hökuməti sabiq baş nazir Vano Merabişvilini saxta pasportdan istifadə etməkdə günahlandırır
# 01 dekabr 2012 13:54 (UTC +04:00)

Bəyanatda deyilir ki, noyabrın 30-da keçmiş baş nazir İvane (Vano) Merabişvili Ermənistana uçmaq üçün dövlət nümayəndə heyətinin tərkibində hava limanına gəlib: “Pasport yoxlamasından keçərkən prezidentin protokol xidmətinin əməkdaşı Merabişvilinin pasportunu sərhədçilərə təqdim edib. Sərhədçi müəyyən edib ki, pasportda Merabişvilinin fotosu olsa da, sənəd Levan Maisuradze adlı şəxsin adına verilib. Bununla əlaqədar Tiflis Patrul Polisi Baş İdarəsinin istintaq xidməti tərəfindən saxta sənədlərdən istifadə və sərhədi qeyri-qanuni keçmə faktı üzrə təhqiqata başlanıb”.

DİN-in mətbuat xidmətinin rəhbəri Nino Qiorqobiani bildirib ki, dövlət nümayəndə heyətinin səfəri əngəllənməyib, V. Merabişviliyə əsl pasportunu təqdim etmək imkanı verilib və ona qarşı müvafiq prosedurlar tətbiq edilməyib: “Elə həmin axşam saat 23.00-da Gürcüstana qayıdan Merabişvili prezidentlə birlikdə beynəlxalq aeroportu tərik edib. Bu səbəblə ona qarşı qanunda göstərilən müvafiq istintaq hərəkətləri həyata keçirmək mümkün olmayıb”.

N. Qiorqobiani faktla əlaqədar sabiq hökumət başçısının prokurorluğa çağırılacağını açıqlayıb.

V. Merabişvili isə DİN-in bəyanatını absurd adlandırıb: “Gürcüstanın yeni hakimiyyəti 2 ay ərzində absurdluğun zirvəsinə çatıb. Onlar ictimaiyyəti inandırmaq istəyirlər ki, mən prezidentin nümayəndə heyətinin tərkibində saxta pasportla Ermənistana uçmaq istəmişəm. Hamımız bilirik ki, yeni hakimiyyət bizi qorxutmaq və həbs etdirmək istəyir, lakin bugünkü bəyanat bütün sərhədləri keçdiklərini göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR