Cek Strou: “Həsən Ruhani beynəlxalq müzakirələrdə bazarlıq edə biləcək bir adamdır”

Cek Strou: “Həsən Ruhani beynəlxalq müzakirələrdə bazarlıq edə biləcək bir adamdır”
# 17 iyul 2013 14:02 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “İranın nüvə proqramının hərbi xarakter daşıdığına dair heç bir sənəd yoxdur”. APA-nın məlumatına görə, bunu Böyük Britaniyanın keçmiş xarici işlər naziri Cek Strou bildirib.

Onun sözlərinə görə, Həsən Ruhaninin İranın yeni prezidenti seçilməsindən məmnundur: “2003-cü ildə alman və fransız həmkarlarım Yoşka Fişer və Dominik de Vilpenlə həmin vaxt İran Ali Milli Təhlükəsizlik Şurasının katibi olan Həsən Ruhaninin də iştirakı ilə bir neçə də nüvə danışığı apardıq. Həsən Ruhani bəhanə verməsə də, bazarlıq yolunu çox yaxşı bilirdi. Biz ona etimad edə bilirdik, o da bizə inanırdı. Bu səbəbdən həmin vaxt irəliləyiş əldə edə bildik. Ancaq İranla Avropanın üç ölkəsi müzakirələrdə müvəffəqiyyətə yaxınlaşsa da, ABŞ-ın keçmiş prezidenti Corc Buşun bu ölkəni “şər oxu” olaraq bəyan etməsi rəsmi Tehranın nüvə mövzusundakı mövqeyinin sərtləşməsinə səbəb oldu. Bu isə böyük diplomatik faciəyə gətirib çıxardı”.

C.Strou hesab edir ki, Avropa ölkələrinin İranla nüvə müzakirələrindəki müvəffəqiyyətsizliyində ABŞ böyük məsuliyyət daşıyır: “Həmin vaxt ABŞ İranın lazımi şeylərlə təmin olunmasını qəbul etmirdi. Məsələn, sərnişin təyyarələrinin ehtiyat hissələri “Rolls-Royce” şirkəti tərəfindən təmin olunurdu. Bu şirkətin də ən böyük müştərisi ABŞ idi. Ona görə də İrana ehtiyat hissələri satmağı ABŞ-ın təsdiqləməsinə bağlı idi. ABŞ-ın yeni mühafizəkarları da müharibə tərəfdarı olduqlarından İranla razılaşmağa qarşı idilər. Mən ABŞ-ın o zamankı davranışına təəccüb elədim. Ancaq biz nə o zaman, nə də bu gün İranın nüvə proqramının hərbi məqsədli olduğuna dair heç bir sənəd tapa bilmədik”.

Sabiq nazir deyib ki, ABŞ və İsrail sağçıları davamlı düşmən axtarırlar: “İraq müharibəsindən sonra İranı düşmən olaraq göstərməyə çalışırlar”.

Hazırda Ben Valasla birlikdə İran-Böyük Britaniya parlamentlərarası dostluq qrupunun həmsədrlərindən biri olan C.Strou vurğulayıb ki, H.Ruhani beynəlxalq müzakirələrdə bazarlıq edə biləcək bir adamdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR