Gürcüstanın sabiq müdafiə naziri İrakli Okruaşvili ölkəyə qayıdıb və həbs olunub

Gürcüstanın sabiq müdafiə naziri İrakli Okruaşvili ölkəyə qayıdıb və həbs olunub
# 20 noyabr 2012 14:41 (UTC +04:00)

APA-nın “Qruziya Online” xəbər portalına istinadən verdiyi məlumata görə, sabiq nazirin rəhbərlik etdiyi Gürcüstan Partiyasından bildiriblər ki, İ. Okruaşvili məhkəmə qarşısında dayanmağa hazırdır: “O, qanunsuz hökmdən şikayət verməyə və öz günahsızlığını sübut etməyə hazırdır. Ölkədəki dəyişiklik buna ümid yaradıb”.

Qeyd edək ki, İ. Okruaşvili vaxtilə prezident Mixail Saakaşvilinin yaxın adamlarından biri olub. Hələ 2000-ci ilin əvvəllərində M. Saakaşvili ədliyyə naziri olarkən İ. Okruaşvili onun müavini vəzifəsində çalışıb. “Qızılgül inqilabı”ndan sonra İ. Okruaşvili əvvəlcə prezidentin Şida Kartli regionundakı səlahiyyətli nümayəndəsi, sonra baş prokuror və daxili işlər naziri, daha sonra müdafiə naziri təyin olunub. 2006-cı ildə iqtisadi inkişaf naziri vəzifəsinə gətirilsə də, qısa müddət sonra nazir postunu tərk edib. 2007-ci ildə o, müxalifətə keçdiyini bəyan edib və hakimiyyətə qarşı ciddi ittihamlar irəli sürüb. İ. Okruaşvili M. Saakaşvilinin iş adamı Badri Patarkatsişvilini öldürtmək istədiyini deyib və hakimiyyəti korrupsiyada ittiham edib. Həbs olunduqdan sonra o, günahını boynuna alıb və girov müqabilində azadlığa çıxıb, az sonra ölkəni tərk edərək Fransadan siyasi sığınacaq alıb. 2008-ci ilin əvvəllərində İ. Okruaşvili “GeoCell” mobil operatorunun səhmlərini fırıldaq yolu ilə ələ keçirməkdə günahkar bilinərək 11 il azadlıqdan məhrum edilib. 2011-ci ildə isə ona qarşı qanunsuz silahlı dəstə yaratmaq ittihamı ilə yeni cinayət işi qaldırılıb.

Gürcüstanın yeni ədliyyə naziri Teya Sulukiani Okruaşvilini keçmiş hakimiyyətin siyasi təqiblərinin qurbanı adlandırıb, eyni zamanda əlavə edib ki, ona qarşı irəli sürülmüş ittihamlar araşdırılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR