İvanişvili: “Enerji tariflərini iki dəfə azaltmaq mümkün deyil”

İvanişvili: “Enerji tariflərini iki dəfə azaltmaq mümkün deyil”
# 22 noyabr 2012 19:21 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Noyabrın 22-də jurnalistlər üçün mətbuat konfransı keçirən Gürcüstanın baş naziri Bidzina İvanişvili seçkiqabağı bəyanatlarda enerji tarifləri ilə bağlı səslənən fikirlərə münasibət bildirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, baş nazir qeyd edib ki, seçkiqabağı bəyanatlarda qaz və elektrik enerjisinin ödənişi ilə bağlı fikirlər bir az şişirdilib.

Bu günkü mətbuat konfransında baş nazir bildirib ki, tariflər mümkün qədər azaldılacaq, lakin onu iki dəfə azaltmaq mümkün olmayacaq. “Göründüyü kimi biz bir az şişirdilmiş qiymət demişik.”

Bidzina İvanişvilinin sözlərinə görə, yeni hökumət tariflərin azaldılması istiqamətində işləri davam etdirir. Baş nazir jurnalistlərin diqqətini keçmiş hakimiyyətin energetika sahəsində bağladığı müqavilələrə yönəldib: “Rusiyanın “İnter RAO EES”şirkəti ilə keçmiş hakimiyyətin imzaladığı müqavilə nəticəsində Qardabanidə hidro elektrik stansiya tikilməliydi. Lakin aydın oldu ki, o zaman Tərəfdaşlıq Fondundan 50 milyon dollar xərclənib. Müqaviləyə əsasən, adını çəkdiyim Rusiya şrkəti hidro elektrik stansiyanın tikintisini maliyyələşdirməliydi. İndi yeni hakimiyyət energetika ilə bağlı imzalanan müqavilələr haqqında bəzi suallar üzərində araşdırma aparacaq,” İvanişvili bildirib.

Baş nazir ümidvar olduğunu bildirib ki, elektrik enerjisi və təbii qazın istifadəsinə görə olan taariflər azaldılacaq. Onun sözlərinə görə, hakimiyyət əhaliyə kömək üçün böyük subsidiya yatıracaq.

Qeyd edək ki, baş nazirin məlumat verdiyi Qardabani ərazisində tikiləcək HES azərbaycanlıların kompakt yaşadığı bölgədən keçən Kür çayının üzərində inşa edilməli idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR