Vladimir Putin: “Suriyanın gələcəyi ilə bağlı Türkiyə ilə bəzi fikir ayrılıqlarımız var” - FOTOSESSİYA

Vladimir Putin: “Suriyanın gələcəyi ilə bağlı Türkiyə ilə bəzi fikir ayrılıqlarımız var” - <span style="color: red;">FOTOSESSİYA
# 03 dekabr 2012 20:56 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya prezidenti Vladimir Putin Türkiyəyə rəsmi səfərə gedib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, V. Putin Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğanla Dolmabaxça sarayında görüşəndən sonra birgə mətbuat konfransı keçiriblər. R.T.Ərdoğan Rusiya ilə xarici siyasətdə təməl prinsiplərinin üst-üstə düşdüyünü söyləyib: “Ən böyük istəyimiz Suriyada axan qanın durmasıdır”. V. Putin isə çıxışında Suriyanın Türkiyəyə hücum edəcəyi barədə zəmanət verməyəcəklərini bildirib: “Lakin Suriyanın mövcud durumu onun başqa bir ölkəyə hücum edə biləcək vəziyyətdə olmadığını göstərir. Suriyada baş verən hadisələrlə bağlı mövqelərimiz bir-birinə bənzəyir. Lakin Suriyanın gələcəyi ilə bağlı bəzi fikir ayrılıqlarımız var. Baş nazir Ərdoğanla görüşümüzdə yeni fikirlər səslənib. Bu fikirlər üzərində işləyəcəyik”.

Türk jurnalistin Suriyada növə silahının istifadə edilib edilməyəcəyi barədə sualı cavablandıran V.Putin “Suriyada nüvə silahı yoxdur. Suriya heç nüvə silahı istehsal etməyə yaxın da deyil. Biz Suriyadakı rejimi qorumuruq və onların vəkili də deyilik".

V. Putin Türkiyənin Suriya ilə sərhədində “Patriot” raket sistemləri yerləşdirməsinə də münasibət bildirib: “Türkiyənin Suriya ilə sərhədində baş verənlərdən narahatıq. “Patriot” raket sistemləri ən yaxşı sistem deyil, keçmiş nəsil silahlardır. Sərhəddə ordunun yerləşdirilməsi narahatedicidir. Səhnədə tüfəng göründüsə, o sonda mütləq atəş aça bilər. Bizi narahat edən Suriyanın gələcəyidir. Liviyada bir qisim əli silahlının xarici güclər tərəfindən necə dəstəkləndiyini bilirik. Bu ABŞ səfirinin öldürülməsi ilə nəticələndi. Türkiyənin sərhəddə baş verənlərlə bağlı narahatlığını anlayırıq. Bir ölkənin torpaqlarına atəş açılırsa, bunu görməmək mümkün deyil”.

Türkiyə baş naziri Fələstinin BMT-də müşahidəçi ölkə statusu qazanmasına verdiyi dəstəyə görə Rusiyaya təşəkkürünü bildirib: “İki ölkə arasındakı bu səmimi dialoq Türkiyə-Rusiya əlaqələrinin son vaxtlarında iz qoyan strateji perspektivin təbii nəticəsidir. Bu perspektivin önəmli bir hissəsi bölgəyə sahib çıxmamızdır. Türkiyə-Rusiya arasında iqtisadi və ticarət əlaqələri çox yüksək sürətlə inkişaf edir. Ticarət əlaqələrimiz 7 dəfə artıb”.

Rusiya prezidenti iki ölkə arasındakı ticarət dövriyyəsinin həcminin 100 milyard dollara qaldırılmasını hədəf aldıqlarını söyləyib.

Qeyd edək ki, V Putinlə R.T.Ərdoğan arasında bu gün İstanbulun Dolmabaxça sarayında geniş tərkibli görüş keçirilib. Görüş zamanı iki ölkə arasında 11 sənəd imzalanıb. Sənədlər əsasən, iqtisadiyyat, maliyyə, təhlükəsizlik, ticarət və mədəniyyət sahələrini əhatə edib. Görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov, onun türk həmkarı Əhməd Davudoğlu, Ədalət və İnkişaf Partiyası sədrinin köməkçisi Ömər Çelik, Rusiya prezidentinin xarici siyasət üzrə məsləhətçisi Yuri Uşakov iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR