Zurabişvili hökumətə rəğmən yenidən Aİ liderləri ilə görüşəcək

Zurabişvili hökumətə rəğmən yenidən Aİ liderləri ilə görüşəcək
# 25 sentyabr 2023 12:22 (UTC +04:00)

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkəyə namizəd statusunun verilməsini dəstəkləmək məqsədilə Avropa liderləri ilə görüşlərinə davam edəcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Gürcüstan Prezidentinin administrasiyasının məlumatında belə qeyd olunub. Bildirilib ki, Prezident Zurabişvili bu gün Tallində Estoniya Prezident Alar Karis ilə, sentyabrın 26-da Latviya Prezidenti Edqars Rinkeviç ilə, sentyabrın 27-də isə Litva Prezidenti Gitanas Nauseda ilə görüşəcək.

Qeyd edək ki, Gürcüstan Prezidentinin hökumətdən icazəsiz xaricə səfərləri ciddi siyasi gərginliyə səbəb olub. Gürcüstan konstitusiyasına əsasən ölkənin xarici siyasi kursunun müəyyənləşdirilməsi hökumətin səlahiyyətinə daxildir və Prezident yalnız hökumətin icazəsi ilə xarici siyasətdə təmsilçilik hüququ əldə edə bilər.

Zurabişvilinin daha əvvəl də baş tutmuş icazəsiz xarici səfərləri ilə əlaqədar hakim “Gürcü Arzusu” partiyası impiçment proseduruna başlayıb. Lakin partiya prosedurun tamamlanması üçün parlamentdə kifayət qədər deputat sayına malik deyil. Müxalifət Prezidentin impiçmentinə qarşı olduğunu və səsvermədə iştirak etməyəcəyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR