Bakıda "İstiqlal keşikçiləri" adlı konfrans keçirilib

Bakıda "İstiqlal keşikçiləri" adlı konfrans keçirilib
# 25 iyun 2019 13:04 (UTC +04:00)

26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunan "İstiqlal keşikçiləri" adlı konfrans keçirilib.

APA xəbər verir ki, konfransda millət vəkilləri, Milli Qəhrəmanların və şəhidlərin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib ki, Azərbaycan Ordusunun yaranmasından 101 il ötür, ancaq əslində ordumuzun tarixi çox qədimdir: "Tarix boyunca əcdadlarımızın ordusu olub, buna görə də ordumuzun tarixi daha qədim zamanlara gedib çıxır. Bir dövlətin qurulması üçün iki vacib amil lazımdır - ağıl və güc. Ölkəmizin bütün sahələrində inkişaf olduğu kimi, ordu quruculuğunda da böyük yol qət etmişik. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra güclü, vahid ordusunun olmaması ölkəmiz üçün böyük təhdid yaratmışdı. Ancaq ulu öndər ordu quruculuğu sahəsində böyük işlər gördü və bu işlər bu gün də davam edir. Müstəqilliyin qorunub saxlanmasında idarəetmə ilə yanaşı güc amili də çox vacibdir. Silahlı Qüvvələr Günü bizim rəşadət, qürur günümüzdür".

M. İsmayılov bildirib ki, hazırda Milli Qəhrəmanlarımızla bağlı 2 cildlik kitabın nəşri bitmək üzrədir. Fondun icraçı direktoru eyni zamanda qeyd edib ki, gələcəkdə yeni doğulacaq oğlan uşaqlarına Milli Qəhrəmanlarımızın adlarının verilməsi üçün kampaniyaya da başlayacaqlar.

Millət vəkili Kamilə Əliyeva qeyd edib ki, bir dövlətin inkişafı, qüdrətli olması üçün 2 vacib şərt var. Bunlar ölkənin iqtisadiyyatının güclənməsi və hərbi gücüdür: "1990-cı illərin əvvəllərində olan hərbi gücümüzlə bugünkü ordumuzun gücünü müqayisə etdikdə, necə yol qət etdiyimizi görmək olar. Bu gün ölkəmizin yeganə problemi torpaqlarımızın 20 faizinin işğal altında olmasıdır. Biz münaqişənin sülh yolu ilə həll olunmasını istəyirik. Ancaq hər birimiz bilirik ki, güclü ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir".

Tədbirdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, "SƏS" Media qrupun rəhbəri Bəhruz Quliyev bildirib ki, ordumuz qürur mənbəyimizdir: "Hər bir dövlətin gücü daxili, xarici siyasəti, iqtisadiyyatı ilə yanaşı həm də ordusu, hərbi gücündən asılıdır. 1990-cı illərin əvvəllərində güclü, vahid ordumuzun olmaması nəticəsində ard-arda torpaqlarımız işğal olundu. Ancaq bu gün güclü ordumuz var. Ordumuzun daima güclənməsinə ehtiyac var. Dövlət hər zaman ordunun daha da güclənməsi üçün var gücü ilə çalışır".

"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, güclü ordu ölkənin əsasını təşkil edir: "Silahlı Qüvvələrin yaradılması Günü hər bir azərbaycanlının bayramıdır. Bu gün Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Bu, bizi qürurlandırır".

Tədbirdə eyni zamanda yenilənmiş www.milliqahramanlar.az layihəsinin təqdimatı olub. Layihənin rəhbəri İmadəddin Quliyev bildirib ki, sayt 2015-ci ildə yaradılıb və iki dildə fəaliyyət göstərirdi. Ancaq sayt müasir dövrün tələblərinə cavab vermirdi:

"Buna görə yeni, müasir trendlərə uyğun dizayna malik saytımız fəaliyyətə başladı. Müasir standartlara uyğun hazırlanan saytda Azərbaycanın 215 Milli Qəhrəmanı (198-i şəhid, 17-si sağ) ilə bağlı məlumatlar yer alıb".
Layihə rəhbəri qeyd edib ki, saytın gələcəkdə digər dillərdə fəaliyyət göstərməsi üçün də işlər görülür.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR